Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir. Prezident İlham Əliyev bu fikri ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə telefon danışığında vurğulayıb.
ABŞ Prezidentinin müşaviri Ceyk Sallivan mayın 17-si axşam Azərbaycan Prezidentinə telefonla zəng edib.
Tərəflər arasındakı telefon danışığında ikitərəfli münasibətlər barədə məmnunluq ifadə edilib. Bu münasibətlərin hər iki dövlət və bölgə üçün sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Ceyk Sallivan Azərbaycan və Ermənistan sərhədində yaşanan son gərginlik ilə bağlı narahatlığını bildirib və bu kimi fikir ayrılıqlarının sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb. O, həmçinin beynəlxalq sərhədin demarkasiyası üçün tərəflərin konstruktiv müzakirələrinə ehtiyac duyulduğunu vurğulayıb. Ceyk Sallivan ABŞ-ın bölgədə barışığın əldə olunmasına sadiqliyini ifadə edib.
Prezident İlham Əliyev bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib, münaqişənin bitməsindən 6 ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu qeyd edib.
ABŞ Prezidentinin müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edən İlham Əliyev bu prosesin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib.
Prezident Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edib və bütün mübahisələrin danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb.