Azərbaycan Milli Xalça Muzeyinin 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə keçirdiyi silsilə tədbirlər iki maraqlı layihə ilə də yadda qalıb.
Ölkə muzeyləri içərisində ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi “Nə? Harada? Nə zaman?” intellektual oyununu təşkil edib. İştirakçılar incəsənət, o cümlədən dünya muzeyləri, xalçaçılıq sənəti və Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı sualları cavablandırıblar. 22 komandanın iştirak etdiyi, “Zoom” proqramı vasitəsilə keçirilən oyunun qalibi “Qarabağ” komandası olub.
Silsilə tədbirlər Azərbaycan Milli Xalça Muzeyində təşkil edilən “Muzeylər gecəsi” konsert proqramı ilə yekunlaşıb. Gecədə yeni fəaliyyətə başlayan rok, caz qrupları və ifaçıları çıxış ediblər. Sənətdə ilk addımlarını atan istedadlı yaradıcı gənclərə dəstək verilməsi və onların pərəstişkarlarının muzeylərə marağının artırılması məqsədilə reallaşan konsertdə “The Etude Band”, “Seymur Əliyev Trio” qrupları, həmçinin Milan, Mixail Altuxov, Joseph Abbas maraqlı ifalar təqdim ediblər.
“Nə? Harada? Nə zaman?” intellektual oyunu və konsert proqramı muzeyin sosial şəbəkə səhifələrində canlı yayımlanıb.
Qeyd edək ki, bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” idi.