Türkiyə Zərbxanası ölkəmizin Ankaradakı səfirliyinin təşəbbüsü ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan bürüncdən xatirə pulu buraxıb.

Xatirə pulunun ön üzündə Nizami Gəncəvinin portreti, “Azerbaycan şairi Nizami Gencevi’nin doğumunun 880. yılı” yazısı, arxa üzündə isə Nizami Gəncəvinin Gəncə şəhərindəki məqbərəsi əksini tapıb.

Səfirlikdən verilən məlumata görə, Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi” haqqında sərəncamından irəli gələn layihələrin icrasını təmin etmək məqsədilə Türkiyənin Zərbxanası ilə görüşülüb və Nizami Gəncəvinin adının əbədiləşdirilməsi məqsədilə xatirə pulunun buraxılmasına dair razılıq əldə olunub.

Xatirə pulunun sertifikatında bildirilir ki, 2021-ci il böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyidir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi olan Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.

Qeyd olunur ki, Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvi müxtəlif mövzularda yazdığı beş məsnəvidən ibarət “Xəmsə” ilə həm müasirləri, həm də ondan sonra bu növdə əsər yazan bir çox şairə öncüllük edib. Bu yönüylə mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.