Mayın 23-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının yaradılmasının 98-ci ildönümü tamam olub.
Milli Kitabxana respublikamızda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən kitabxana və dövlət kitabsaxlayıcısıdır. Bu mədəniyyət ocağı Azərbaycanın ən böyük kitabxanası, Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir.
Yaradılmasının ildönümü münasibətilə kitabxananın əməkdaşları tərəfindən “Azərbaycan Milli Kitabxanası” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Milli Kitabxana haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, görkəmli şəxslərin fikirləri, fotolar, kitabxananın nəşrləri, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Azerbaycan_Milli_Kitabxanasi_/index.htm