Sumqayıt Dövlət Dram Teatrı “Nizami Gəncəvi İli” çərçivəsində daha bir layihəni virtual formatda təqdim edib.

Yaradıcı kollektiv “İsgəndərnamə” poemasının “Şərəfnamə” hissəsindən İsgəndərin Bərdə hökmdarı Nüşabə ilə qarşılaşması hekayəti əsasında kompozisiya hazırlayıb. Məlumdur ki, əsərdə Nüşabə dünya fatehi İsgəndərə hökmdarlıq dərsi keçərək onu dünyagirlikdən vaz keçməyə çağırır. İsgəndər xanım hökmdarın ağlına, müdrikliyinə heyran olur.

Layihənin rəhbəri Əməkdar artist Mübariz Həmidov, mətn müəllifi və quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədovdur. Montajçı Fuad Kazımov, rəssam Arif Müzəffərov, işıq rəssamı Sənan Qədeşov, qrim ustası Mənsurə Səfərova, səhnə təchizatı Hüseynağa Novruzov və səs rejissoru Famil Ağalıdır. Kompozisiyada əsas obrazları Sevda Hüseynova, Kamran Muradlı və Aynur Hümmətova canlandırıblar.