Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) AMEA-nın Tarix İnstitutu, Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə mayın 26-da “Qafqaz Albaniyası: tarix, din və memarlıq” mövzusunda onlayn formatda beynəlxalq elmi konfrans keçirilib.
Konfransa Azərbaycan, Almaniya, Norveç, Fransa, İtaliya, Türkiyə, Rusiya, Litva və Gürcüstandan tədqiqatçı alimlər qatılıb.
AMEA-nın Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun moderatorluğu ilə keçən beynəlxalq konfransda əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış ediblər. Qeyd olunub ki, dünyanın müxtəlif ölkələrindən olan araşdırmaçılar tərəfindən Qafqaz Albaniyasının tarixinin tədqiq edilməsi çox yaxşı haldır, bu qədim ölkənin tarixinin saxtalaşdırılmasının qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək bildirib ki, hələ sovetlər dönəmində Qafqaz Albaniyasının tarixinin araşdırılmasına qonşularımız tərəfindən, yumşaq desək, qısqanclıq var idi. Onların bu ərazilərə iddiaları o zamanlardan mövcud idi. Ermənilər tərəfindən son 30 il ərzində bu ərazilərdə alban xristian abidələri də saxtalaşdırılıb və ya talan olunaraq məhv edilib. UNESCO və digər müvafiq beynəlxalq qurumların tarixi abidələrin təhrif edilərək dəyişdirilməsi və talan olunması faktlarına diqqəti çəkilməlidir. Çünki dağıdılan, saxtalaşdırılan tarixi abidələr təkcə bizim deyil, həm də bəşəriyyətin maddi-mənəvi irsidir.
Sonra beynəlxalq elmi konfrans iki panel formatında davam edib.
Xarici alimlərdən Höte adına Frankfurt Universitetinin Empirik Dilçilik İnstitutunun müqayisəli dilçilik üzrə professoru Jost Gippert (Almaniya) “Qafqaz Albanlarının ayinləri: Sinay Palimpsestlərindən yeni baxış”, Oslo Universitetinin professoru, filologiya elmləri doktoru Byorn Vegge (Norveç) “Qafqaz Albaniyasının Apostol kilsəsinin tarixinə nəzər”, Qafqaz Dilləri və Filologiyası Tədqiqat Mərkəzinin direktoru, professor Jil Utye (Fransa) “Alban-Udi dili ilə qohum dillər arasındakı fərqlər və oxşarlıqlar”, İvan Cavaxişvili adına Tbilisi Universitetinin Dilçilik İnstitutunun tədqiqatçısı, filologiya elmləri doktoru, professor Roman Lolua (Gürcüstan) “Moisey Xorenlinin mənşəyi problemi və Qafqaz-Alban yazıları”, memar, Trento Universitetinin müəllimi Paolo Zammatteo (İtaliya) “Sərhədlərin kənarında. Xudavəng monastırının (Kəlbəcər) bədii və mədəni perspektivi”, İtaliyanın Merano şəhərində Nikolayevski pravoslav prixodunun baş keşişi, kilsə tarixi üzrə elmlər doktoru (Pontificio Istituto Orientale/Papa Şərq İnstitutu) İqumen Aleksiy (Nikonorov) “VI əsrdə alban kilsəsi yeparxiyası” mövzuları ilə çıxış edib.
Konfransda Azərbaycan tərəfindən AMEA-nın Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov, Tarix İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova, Alban-Udin Xristian İcmasının sədri Robert Mobili, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva və başqas alimlər çıxış ediblər.