Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub.
Dövlətimizin başçısı əvvəlcə Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Əziz dostlar.
Bu gün Respublika Günüdür. İlk növbədə, sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq arzulayıram.
Görüşümüzün əvvəlində xahiş edirəm ki, İkinci və Birinci Qarabağ müharibələrində Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Sakinlər: Amin. Allah rəhmət eləsin.
Prezident İlham Əliyev: Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək.
Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq.
Mən Ağdam rayonunda işğal dövründə doqquz dəfə olmuşam. Bildiyiniz kimi, şəhər işğal altında olduğu üçün rayonun mərkəzini biz Quzanlı qəsəbəsində müəyyən etdik. Quzanlı və digər kəndlərdə dəfələrlə olmuşam. Bu ərazi ilə bağlı bir çox tədbirlər keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində Ağdam rayonunun quruculuqla bağlı inkişaf planları təsdiq edilmişdir. Burada bir çox sosial layihələr icra edildi, bir çox məktəblər, Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi, infrastruktur layihələri icra edilmişdir və deyə bilərəm ki, ölkə üzrə olan göstəricilərdən daha da yüksək göstəricilər burada var. Qazlaşdırma təxminən 100 faizdir, elektrik enerjisi, su ilə təchizat təmin edilmiş, 150-dən çox artezian quyusu qazılmışdır. Çünki mənfur düşmən bu bölgəni sudan da məhrum etmişdi. Bir sözlə, işğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq. Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır.
İşğal dövründə Ağdam şəhərinin dağıntılarını, o şəhərin bir hissəsini mən təmas xəttində dəfələrlə olarkən binokl ilə görürdüm. Hər dəfə, bax, təmas xəttində olarkən və bu dağıntıları uzaqdan seyr edərkən öz-özümə deyirdim ki, biz mütləq qayıdacağıq. Nəyin bahasına olursa-olsun qayıdacağıq. Tarixi ədaləti bərpa edəcəyik. Düşməni torpağımızdan qovacağıq və buna nail olduq.
Çalışırdıq ki, bunu sülh yolu ilə həll edək. Ancaq Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır. Aqressor təbii olaraq, daha da azğınlaşırdı, daha da qudururdu və bu torpaqları əbədi işğal altında saxlamaq istəyirdi və bu, sirr deyil.
Əgər mən Prezident kimi birinci mərhələdə müəyyən ümidlərlə yaşayırdımsa, son mərhələdə artıq bu ümidlər də aradan qalxdı. Çünki Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Mən bunu açıq-aydın bildirirdim. Bütün danışıqlar dövrü – 2003-cü ildən son hadisələrə qədər hər zaman Azərbaycan xalqına həqiqətləri çatdırırdım. Hər zaman deyirdim ki, biz heç vaxt bizim torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Deyirdim, məsələnin həlli elə olmalıdır ki, bu, yarımçıq həll olmasın. Məhz buna görə bizim mövqeyimiz bir çox hallarda vasitəçilər tərəfindən birmənalı qarşılanmırdı. Bəzi ermənipərəst qüvvələr bizi günahlandırmağa çalışırdılar. Sanki biz aqressoruq, sanki biz işğalçıyıq. Ona görə Ağdam rayonuna binoklla baxarkən, bax, mən bu günü görürdüm və bilirdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi.
Qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq. Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı. Bir daha gördü ki, Azərbaycan qarşısında onlar duruş gətirə bilməyəcəklər.
Biz müharibə dövründə də özümüzü ləyaqətlə aparmışıq və müharibənin bütün qaydalarına riayət etmişik. Məhz buna görə Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır. Biz ancaq işğalçı orduya qarşı mübarizə aparmışıq, müharibə aparmışıq. Dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq. Ermənilərdən fərqli olaraq, soyqırımı törətməmişik və digər hərbi cinayətlər törətməmişik. Ancaq ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bəllidir: Xocalı soyqırımı, digər kəndlərimizin sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması. Baxın, görün, Ağdam şəhəri yoxdur, yoxdur. Bir bina da yoxdur. Bir Cümə məscidinin qalıqları qalıb. Onu da mən demişəm, onlar iki məqsəd üçün saxlamışdılar. Bir məqsəd o torpağa bağlı olan bir işarə idi. Yəni, artilleriya atəşinin tənzimlənməsi üçün lazım idi bu məntəqə, bu obyekt. İkinci məqsəd müşahidə məntəqəsi idi. Məscidin minarələrindən onlar müşahidə edirdilər. İndi mən müharibədən sonra Ağdama ikinci dəfə səfər edirəm. Birinci dəfə Ağcabədi istiqamətindən gəldim. Bu dəfə isə Bərdə istiqamətindən gəldim. Hər iki istiqamət üzrə bir neçə müdafiə xətti var, istehkamlar var. Cümə məscidinin qalıqlarından başqa, bir dənə də salamat bina yoxdur. Bunu hansısa yad planetli, necə deyərlər, ünsürlər törətməyiblər. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü. Bunun da bir neçə məqsədi var idi. Birincisi, bizə olan nifrət. İkincisi, Azərbaycan xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədi və əlbəttə ki, gələcəkdə elə bir vəziyyət yaratmaq ki, Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin.
Ancaq səhv etdilər. Onlar dərk edə bilmədilər ki, bizim üçün, xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Ermənistan isə məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Çünki bu dağıntıları törədən vəhşidir. Bunun başqa adı yoxdur. Təkcə bura deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Mən maşınla yüz kilometrlərlə torpaqları gəzərkən gördüm ki, sağda-solda hər şey dağıdılıb, talan edilib. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. Mən bunu demişəm, bir daha burada Respublika Günündə Ağdam şəhərində demək istəyirəm, bizim müharibəmiz təkcə faşist Ermənistan dövlətinə qarşı deyildi, bizim müharibəmiz faşizm əleyhinə müharibədir. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, bax, ermənilərin aqibətinə bənzər olacaq.
Müharibə ilə bağlı, əlbəttə ki, çox danışmaq olar. Ancaq bu gün biz daha çox gələcəklə bağlı danışmalıyıq. Müharibə tarixdir, şanlı tariximizdir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir və Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan. Dırnaqarası qəhrəman erməni əsgərləri bizim əsgərlərimizi görərkən müharibənin artıq ikinci mərhələsində silahları yerə qoyub qaçırdılar, bu gün də qaçırlar.
Bu gün əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Mən bunu bir neçə gün bundan əvvəl mayın 10-da Naxçıvanda olarkən demişdim. Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə var, dərhal düşməni yerindəcə məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Növbəti dəfə rəzil oldular, növbəti dəfə biabır oldular. İndi görün, bütün dünya bunlara gülür. Baş nazir bir versiyanı deyir, baş qərargah rəisinin müavini başqa versiya deyir, özü də bir gündə. Bu versiyalar da yalandır. Yəni, 30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər. Otuz il ərzində bunların unikal şansı var idi - əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi. İndi görün, necə, hansı rüsvayçı durumdadırlar. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar - indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma, əslində, onların hamısı günahkardır. Çünki onlar böyük səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir.
Biz isə öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik. Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz. İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr, – altı ay artıq keçibdir, - bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir. Biz də bir çox məsələləri xüsusilə beynəlxalq müstəvidə özümüz üçün yəqin etdik və bu, bizə gələcəkdə düzgün qərar qəbul etməyimizə kömək göstərəcəkdir.
Hesab edirəm ki, bu gün tarixi gündür. Çünki bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir. İndi Şuşa şəhərinin Baş Planı hazırlanır, artıq bir müddətdən sonra təsdiqlənəcək. Füzuli şəhərinin, Cəbrayıl şəhərinin, digər şəhərlərin Baş Planları üzrə iş gedir. Amma birinci Baş Plan, bax, burada təsdiqlənəcəkdir. Artıq bir neçə tədbir keçirildi. Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin təməli qoyuldu. Siz yaxşı bilirsiniz ki, bu məktəbin çox böyük tarixi var, 140 illik tarixi var. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, mənim göstərişimlə Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası mənə təqdim edildi. Yer seçildi və həm Zəfər, həm İşğal muzeyləri çox möhtəşəm olacaq. Digər obyektlər, digər tədbirlər, böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq - 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Yəni, bu gün bu görüşdən sonra birlikdə bizə bu təqdimat göstəriləcəkdir.
Əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və biz sizinlə bundan sonra Ağdam şəhərində, Ağdam rayonunda çox görüşəcəyik. Bir daha dediyim sözlərə qayıtmaq istəyirəm, mən bu 17 il ərzində - 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi köçkünlərlə bir çox görüşlər keçirmişdim və hər zaman onlara deyirdim ki, biz torpaqlara qayıdacağıq, siz torpaqlara qayıdacaqsınız. Ancaq görürdüm ki, son illər onların gözlərində ümidlər azalır. Görürdüm və bu da təbii idi. Çünki 30 ilə yaxın vaxt keçmişdi. Ancaq mən hər zaman əmin idim ki, bu, olacaq. Sadəcə olaraq, deyə bilmirdim. Sadəcə olaraq, deyə bilmirdim ki, nə vaxt olacaq, necə olacaq. Amma bilirdim ki, olacaq.
Bir məqama toxunmaq istəyirəm, bilirəm ki, müharibə dövründə mənim “Twit”lərimi, mənim çıxışlarımı xalqımız səbirsizliklə gözləyirdi. Mən öz çıxışlarımda və bütün “Twitter”imdə də hər zaman həqiqətləri deyirdim və yazırdım. Bir gün fikirləşdim, dedim ki, yəqin, ağdamlılar fikirləşirlər ki, bəs nə üçün indi Cəbrayıl azad olundu, Xocavənd azad olundu, Hadrut, Suqovuşan, Murovdağ, Füzuli, Zəngilan, Qubadlı, gör, haralara gedib çıxmışıq. Bəs nə üçün Ağdamın kəndləri azad olunmur? Fikirləşirdim, yəqin ki, siz fikirləşirsiniz, ağdamlılar fikirləşir. Amma özümü saxlayırdım, deyə bilmirdim ki, nə üçün, deyə bilmirdim. Amma indi hər kəs bilir nə üçün. Çünki əgər biz bu istiqamətdən hücuma keçsəydik, bir çox şəhidlərimiz olacaqdı. Çünki onlar elə bir istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etməyimiz, əlbəttə, böyük səhv olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq. Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa - alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik.
Çox güman ki, Ermənistan tərəfi də bunu dərk edib və artıq ağ bayraq qaldırmağa məcbur olub, bizim qarşımızda diz çöküb. Otuz il bizə meydan oxuyan, bizim əsəblərimizlə oynayan, xalqımızı təhqir edən, özündən uydurma qəhrəman düzəldən düşmən diz çökdü bizim qabağımızda, ağ bayraq qaldırdı, təslim oldu və kapitulyasiya aktına imza atdı. Biz Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdik və bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq.
***
Xalq artisti Mənsum İbrahimov, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Ağdam rayon Ağsaqqallar şurasının sədri Əvəz Mikayılov, Milli Məclisin deputatı Aqil Abbas da çıxış edərək bu tarixi gündə, belə bir mərasimdə iştirak etməkdən qürur duyduqlarını bildiriblər.
“Cənab Prezident, 2018-ci ildə Quzanlıda Muğam Mərkəzinin açılışında çıxışınızda qeyd etdiniz ki, tezliklə Ağdamın mərkəzində bunu daha möhtəşəm tikəcəyik. Artıq bu gün biz o tarixi hadisənin şahidiyik. Həqiqətən bizim üçün böyük bir qürurdur” – deyə Mənsum İbrahimov bildirib.
***
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Bilirsiniz ki, müharibə dövründə birinci Cəbrayıl rayonu işğaldan azad olunmuşdur. Mən bunu xalqa çatdırandan sonra fikirləşdim, yəqin ki, mənim həyatımda ən xoşbəxt günlərimdən biridir. Çünki birinci rayonu tam azad etmək, işğalçılardan tam təmizləmək doğrudan böyük tarixi hadisə idi və xalqımıza, ordumuza əlavə ruh verdi, inam verdi. Ondan sonra Füzuli, ondan sonra Hadrut, ondan sonra Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı. Hər dəfə öz-özümə deyirdim ki, ən xoşbəxt günlərimi yaşayıram. 10 noyabr – Ermənistanın kapitulyasiya aktı. Özü də nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya bilir ki, o, hansı formada imzalandı. Bu günə qədər mən bilmirəm, Paşinyan onu hansı tində imzalayıb. O da müharibənin, zəfərin kulminasiyası idi, o, əsl kapitulyasiya aktı idi. İndi hər kəs bunu belə qəbul edir.
Ondan sonra yanvarın 14-də Şuşada birinci dəfə olarkən özümə dedim ki, ən xoşbəxt günlərimi yaşayıram. Bu gün də eyni sözləri deyirəm. Əminəm ki, bizim xalqımızın həyatında bundan sonra belə xoşbəxt günlər çox olacaq. Xalqımız xoşbəxt olsun. Tezliklə doğma Ağdamı bərpa edək, vətəndaşları qaytaraq və bu gözəl diyarımız olan Qarabağ torpağında əbədi yaşayaq. Bir daha təbrik edirəm.
***
Sonra “Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov Ağdam şəhərinin baş planı ilə bağlı geniş təqdimat edib.
Ruslan Sadıqov: Cənab Prezident, Siz tapşırmışdınız ki, Ağdam şəhərinin planına rayon ictimaiyyəti ilə bir yerdə baxılsın. Çünki Ağdam rayonunun kommunikasiya, yol xətləri, dəmir yolu və vacib strukturunu təşkil edən meliorasiya xətləri bir-biri ilə vəhdət təşkil etməlidir. Ona görə də rayonun işğaldan azad olunmuş 70 min 900 hektarlıq bu hissəsinə baxılmış, eyni zamanda, onun coğrafi şəraiti nəzərdən keçirilmiş, iqlim şəraiti burada əks etdirilmişdir. İqlim şəraitinə görə burada hansı bitkilər əkilə bilər, hansı kənd təsərrüfatı məhsulları yetişdirilə bilər. Bunun əsasında ictimaiyyətlə, administrasiya ilə bir yerdə 71 kəndi daha rahat, daha uyğun qurmaq üçün 33 kənd layihələndirilib.
Prezident İlham Əliyev: Birinci mərhələdə olacaq. Birinci mərhələdə 33 kənd müəyyən olunub, bəzi kəndlər isə birləşəcək. Ondan sonrakı mərhələdə qalan kəndlər də tədricən bərpa ediləcək. Amma biz əsas planımızı 33 kəndin ətrafında qurmuşuq.
Ruslan Sadıqov: Burada ilkin islahatlar kənd təsərrüfatı torpaqları ilə bağlıdır. İslahatlara əsasən, təqribən 25 sotdan nəzərdə tutulub, Sizin icazənizlə 18 sotdan insanların hər birinə həyətyanı sahə müəyyən olunub. O biri rayonlara baxanda bu, yüksək rəqəmdir, Siz bunu tövsiyə etmisiniz.
Prezident İlham Əliyev: Yəni, həyətyanı sahə?
İctimaiyyət nümayəndələri: Çox yüksək rəqəmdir. Çox gözəl. Çox böyük, gen-bol.
Ruslan Sadıqov: Bunları təmin edəndən sonra Sizin tapşırığınıza uyğun olaraq, investorların cəlb edilməsi və Ağdamın müasir kənd təsərrüfatı növlərinin inkişafını təmin etmək üçün 10, 50 hektarlıq 200 müasir fermer təsərrüfatı nəzərdə tutulub. Yerdə qalan dövlət torpaqlarında isə 50,100 hektarlıq 50 müasir fermer təsərrüfatının yaradılması nəzərdə tutulub. Eyni zamanda, Sizin tapşırığınıza uyğun olaraq, ilk böyük müəssisələr artıq ilk gündən gəliblər və burada əkin işləri aparırlar ki, əkin sahələri boş qalmasın. 1500, 3000, 4000 hektarlıq bir neçə iri, müasir təsərrüfatlar da yaradılacaq.
Prezident İlham Əliyev: Ağdamlı sahibkarlar da bunu indi eşidirlər. Gəlsinlər təkliflərini versinlər ki, burada bir qarış torpaq da boş qalmasın.
Ruslan Sadıqov: Təşəkkür edirik, cənab Prezident. Bu slayda biz fikir versək, burada kəndlərin birləşməsi nəzərdə tutulub. Bunlar elə formada birləşdirilib ki, gələcək meliorasiya kanallarının suyu bərpa olandan sonra meliorasiya strukturu kəndlərin yollarına və suyun axınına uyğun olsun, bir-birinə mane olmasın. Bu kəndləri görürsünüz, artıq Ağdam rayonunun orta hissəsində Xaçınçaydan Qarqarçayadək olan ərazini burada illüstrativ nümayiş etdiririk. Bu kəndlər bu formada birləşir və yerdə qalan dövlət torpaqları da bir ayrı formada olacaq. Kəndlərarası yolların hamısının arasında qalan yerlərdə meşə zonaları yaradılacaq ki, Ağdam şəhərində yaşıllıqlar bərpa olunsun. Kəndlər bölünəndə elə bölünüb ki, cənab Prezident, böyük hissələr 150 hektardır, biz o hissələri daha kiçik - 25 hektarlıq hissələrə bölə bilərik. Ailəyə düşən paya uyğun olaraq biz onları 4 hektarlıq, 5 hektarlıq, bir ailəyə 18 sot necə ki, deyilmişdi, elə qurulacaq ki, gələcək su xətləri artıq kənd tikilib tikilməyib, o xətlərimizin yeri bəllidir.
Prezident İlham Əliyev: Hər kəsin də suyu olacaq?
Ruslan Sadıqov: Bəli, ola bilər ki, meliorasiya xətləri 2-3 il sonra qurulsun, artıq onların planları uyğun olacaq və heç kəsə də mane olmayacaq. Yeni sistem üzrə, burada bu şəkildə görünür, hər bir həyətin önündə suları, meliorasiya suları olacaq. Bu, imkan verəcək ki, Ağdam rayonunun sakinləri istəsələr həm intensiv təsərrüfat qura, həm də dədə-baba qaydası ilə də öz işlərini apara bilərlər.
Prezident İlham Əliyev: Necə baxırsınız bu təklifə?
İctimaiyyət nümayəndələri: Çox gözəl, yüksək səviyyədə, cənab Prezident. Uğurlu, xeyirli olsun. Hər şey düşünülüb. Gələcək üçün tikilir, əsas məsələ gələcəkdir. Nümunəvi layihədir.
Prezident İlham Əliyev: Mən deyirəm, bu şəhər və bütöv rayon dünya üçün nümunə olacaq.
Ruslan Sadıqov: Cənab Prezident, şəhərə gəldikdə, şəhər əsasən öz tarixi hüdudlarında götürülüb, tarixi hüdudlarından başqa bir neçə kənd də ona birləşdirilib.
Prezident İlham Əliyev: Şəhərə hansı kəndlər birləşib?
İctimaiyyət nümayəndələri: Səkkiz kənd birləşdirilib, deməli, Ətyeməzli, Qaraqaşlı, Xıdırlı, Sarıhacılı, Çuxurməhlə, Qarazeynallı. Cənab Prezident, o kəndlərdə şəhər ənənəsi var.
Prezident İlham Əliyev: Onlar bitişikdir?
Ruslan Sadıqov: Bəli. Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Birləşdirilən kəndlərlə və əhalinin artımını da nəzərə alsaq 50 mindən yuxarıdır. Sizin tapşırığınıza uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. İnanırıq ki, Ağdam Azərbaycanın böyük sənaye, turizm şəhərlərindən biri olacaq və tapşırığınıza uyğun olaraq hər bir aspekt nəzərə alınıb. Şəhərin özünə gəldikdə, ətrafı bağlarla əhatə olunub, intensiv, müasir bağlarla. Turistlər, yaxud da yerli sakinlər şəhərə yaxınlaşanda onun ətrafında ən müasir bağlar görəcəklər. O bağlarda kiçik müəssisələr, turizm obyektləri, 8-12-20 yerlik otellər ola bilər ki, şəhərə gələn qonaqlar kənara çıxmadan bağ-bağatın içində o otellərdə qala bilsinlər. Maraqlı mənzərə olacaq. Bitkilər elə seçilib ki, lavanda bitkisi kimi gül açanlar, badam bitkisi, digər bitkilər, çiçəklənən olsunlar. Yaz gələndə Ağdam hər ay dəyişən çiçəklərin əhatəsində olacaq.
İctimaiyyət nümayəndəsi: Cənab Prezident, Ağdamda nə əksən bitər, subtropik bitkilərin hamısı Ağdamda bitir. Torpaq çox münbitdir.
Prezident İlham Əliyev: Bəli, torpaq çox münbitdir.
İctimaiyyət nümayəndəsi : Cənab Prezident, mən Qərvənddənəm. Su kanalları gəlirdi. Bax, indi onun gələcəkdə açılması ilə əlaqədar yəqin ki, müəyyən tədbirlər görüləcək.
Prezident İlham Əliyev: Tapşırıq verilib, komissiya yaradılıb, Baş nazirin müavininin rəhbərliyi ilə indi bu işlərə baxılır. Suqovuşan azad olunduğuna görə işlər daha da asanlaşacaq. İş orasındadır ki, oradan iki kanal gəlirdi səhv etmirəmsə. Bir kanal bağlıdır, çünki o, işğal dövründə hərbi məqsədlər üçün istifadə olunub, onu açmaq lazımdır və Suqovuşandan da biz istənilən həcmdə suyu ötürə bilərik. Bizim planlarımızda vaxtilə suvarılan təqribən 100 min hektara yaxın torpağı yenə su ilə təmin etməkdir. Siz bilirsiniz ki, ermənilər yayda suyu kəsirdilər, sonra buraxırdılar.
İctimaiyyət nümayəndələri: Bəli, Xaçını da kəsirdilər, oranı da.
Prezident İlham Əliyev: Xaçın indi bizdədir, tam su anbarı, indi oraya da mən qrup ezam etmişəm, onun da ətrafına baxıblar, Xaçınçay su anbarı özü də böyük tutumludur. Təqribən 23 milyon kubmetr. Böyük su anbarıdır. Yəni, mənim nəzarətimdədir. O kanalların birində iş gedir, o biri də açılacaq. Oradan təkcə Ağdam yox, Bərdə, Yevlax, Tərtər, Goranboy və bir neçə başqa rayona su gələcək. Ona görə də biz burada artezianları qazdırırdıq. Ən çox artezianı biz burada qazdırdıq, 150 quyu, bir də 10 quyu da əlavə qazılmalıdır.
Ruslan Sadıqov: Cənab Prezident, Ağdamın xüsusiyyətlərini nəzərə alaraq bilirik ki, Şahbulaq şəhər ətrafında ən gözəl, tanınmış yerlərdən biridir, həm tarixi, həm də görməli yerdir. Ona görə də şəhərin ətrafı belə qurulmuşdur ki, şimala doğru ətrafında bağlar salına-salına Şahbulaq qalasına və Xaçınçaya qədər getmiş olacaq, oradan da Sizin tapşırığınıza uyğun olaraq yaradılacaq atçılıq zavodunun yerləşəcəyi Eyvazxanbəyli kəndinə. Beləliklə, Ağdama gələn qonaqlarımız Şahbulağı seyr edə biləcək, qalanın daxilində tarixi hissə, muzeylər olacaq. Elə indi də insanlar gəlib buranı seyr edirlər, artıq muzey marşrutu kimi qurulub, hər yerdə nişanlar, göstəricilər qoyulub, minadan xeyli təmizləmə işləri görülüb və qonaqlar da buraya artıq turist kimi gəlirlər.
Prezident İlham Əliyev: Atçılıq kompleksini biz Ağcabədidə qurduq, bilirsiniz, amma birini də burada quracağıq, öz tarixi yerində.
Ruslan Sadıqov: Ona görə buraya gedən yollar diqqətdə saxlanılır və ətrafında bağlar salınacaq ki, o yollara xüsusi gözəllik versin.
Burada dünya şəhərlərinin şəbəkələrinin təhlili verilib. Bu, dünyanın ən gözəl şəhərləri necə qurulub, onların şəbəkələridir, onların küçə enləridir, görünüşləridir, bölünüşləridir, parklarıdır, nəqliyyat vasitələridir. Biz burada 813 minlik, 6 milyonluq, 2 milyonluq, eyni zamanda, 90 minlik, 350 minlik şəhərləri görə bilirik. Bu, Ağdam şəhərinin əvvəlki planıdır və bu şəbəkəni onun əsasında qurmuşuq ki, özünəməxsus gözəlliyi olsun.
Prezident İlham Əliyev: Yaşıl enerji növləri, “ağıllı şəhər”, bu təqdimat var? O avtobuslarla bağlı, o tramvaylarla bağlı?
Ruslan Sadıqov: Bəli, hamısı var. İctimaiyyətə də böyük məmnuniyyətlə bildirmək istəyirik ki, Sizin tapşırığınıza uyğun olaraq, Birləşmiş Millətlər Təşkilatının UNICEF qurumu “Ağıllı və dayanıqlı şəhərin müddəaları haqqında” kitabça buraxıb, onun 18 müddəası var. İT şəbəkəsindən tutmuş turizm və yaşıllıq zonaları, nəqliyyat - onların hamısı burada vəhdət halında əksini tapıb, hər biri də nəzərə alınacaq.
Prezident İlham Əliyev: Burada da müqayisə göstərilib?
Ruslan Sadıqov: Bəli, müqayisədir, şəhərlərin sıxlığıdır. Bunlar dünya şəhərləridir. Burada onların sıxlığı göstərilib. Burada isə bizim kəndlər və Ağdam şəhəri öz yerini tutur. Təkcə Gəncə və Sumqayıt şəhərləri Ağdamdan sıx olacaq.
Prezident İlham Əliyev: Amma ərazi baxımından Sumqayıtdan böyük olacaq?
Ruslan Sadıqov: Ərazi baxımından Sumqayıtdan böyük olacaq. Cənab Prezident, 1700 hektar götürülməsinə baxmayaraq, biz sıxlığı təhlil edəndə gördük ki, məsələn, Berlin kimi şəhərdə sıxlıq 1 vahid təşkil edir. O, kifayət qədər yaşıl şəhərdir. Ondan az olanda nəqliyyat üçün ərazilər bir qədər böyüyür. Ona görə də Sizin məsləhətinizlə qərar verdik ki, o 1700 hektarın içində də bəzi əraziləri bağlara verək ki, bir balaca sıxlıq olsun.
Prezident İlham Əliyev: Vaxtilə Ağdam şəhərinin ərazisi 700-800 hektar idi. İndi iki dəfə böyüdürük.
Ruslan Sadıqov: Bəli, sənaye zonası da nəzərdə tutulub. Gələcək nəqliyyat zonalarında hamısı vəhdət təşkil edir. Burada yüksəkmərtəbəli binalar olacaq. Ağdam şəhərinin ərazisinin 30 faizi əhalinin 70 faizini əhatə edəcək. Əhalinin 30 faiz fərdi evlərdə yaşayacaq. Ağdamda 1750 fərdi ev, 23 min mənzil olacaq, 100 min də əhalimiz. Ən sıx yeri mərkəz olacaq. Bu, artıq Baş Planın özüdür.
Prezident İlham Əliyev: Bu, Bərdə yoludur?
Ruslan Sadıqov: Bəli, bu, Bərdə yoludur. İlk dağdağan ağacı əkdiniz, burada dağdağan ağacları çox möhtəşəmdir, gözəldir. Söküntülər aparanda bu dağdağanların hər birini qoruyuruq. Meşə parkını tez açdıq ki, imkan olduqca onları əkməyə yerimiz olsun. Buradan yararlı ağacları götürüb hamısını parka köçürəcəyik.
İctimaiyyət nümayəndələri: Dağdağan müqəddəs ağacdır, gözdəymənin qarşısını alır.
Prezident İlham Əliyev: Dediyim park budur, 125 hektar, uzun şəhər parkı?
Ruslan Sadıqov: Bəli. Adını çəkdiyimiz kanal da buradan keçir. Biz o kanalı elə yönəltmişik ki, ətrafında evlər də olsun.
Prezident İlham Əliyev: Kanal şəhərin içindən çay kimi axacaq?
Ruslan Sadıqov: Bəli, meliorasiya layihələrinə görə, orada həmişə su olacaq, bəzi anlarda iti axacaq, bəzi anlarda zəif. İnsanlar bu 2 kilometrlik məsafədə qayıqlarla gəzə biləcəklər.
Prezident İlham Əliyev: Bulvar kimi gəzinti və qayıqlar?
Ruslan Sadıqov: Bəli, indi o haqda da məlumat verəcəyik və oradan buraya iki kilometrlik məsafəni qayıqlarla gələcəklər. Bilirik ki, ağdamlıların gözəl mətbəxləri var, onların mətbəxinə hər kəs qonaq olmaq istəyir, burada o tipli istirahət zonaları nəzərdə tutulacaq. Bu, nəzərdə tutulan tarixi mərkəzdir. Bu isə açıq səma altında işğal muzeyidir. Bu biri isə məsciddir. Məscidin qarşı tərəfində qədim Ağdam üslubunda yaradılacaq kvartal olacaq. Bura 1 nömrəli məktəbin yeridir və 4 hektarlıq mərkəzi park məscidin yanında idi, ora işğal muzeyi kimi saxlanıldığından park buraya keçirilir. Bura isə möhtəşəm Bərdə-Ağdam yolunun girişidir. Ağdamlıların böyük xatirəsi olan “Fərhad Bisütun dağını çapır” heykəl kompozisiyasını bərpa etmək fikrimiz var. Gördüyümüz bu park şəhərin ən gözəl ərazisi olacaq, artıq torpaq işləri görülür.
Prezident İlham Əliyev: Burada da biri olacaq.
İctimaiyyət nümayəndələri: Parklar çoxdur.
Ruslan Sadıqov: Parklar çoxdur, cənab Prezident. Adətən şəhərlərdə 15 faiz yaşıllıq olur, burada meşə zolaqlarına görə 23 faizə çatacaq. Bu da bizim “dayanıqlı şəhər”, “ağıllı şəhər” prinsiplərinin əsaslarından biridir. Ümumiyyətlə, burada qurulan mexanizm barədə əlavə məlumat verəcəyik. Üstünlük əsasən piyadalara veriləcək. Sosial infrastruktur, məktəblər elə qurulub ki, insanlar hər yerdən oraya piyada getsinlər.
Prezident İlham Əliyev: İnsanlar piyada istənilən yerə çata bilərlər?
Ruslan Sadıqov: Bəli, istənilən yerə. Bütün yollarda, - indi yol sxemlərini də göstərəcəyik, - velosiped yolları nəzərdə tutulub ki, insanlar velosipeddən istifadə etsinlər. Çünki bilirik ki, böyük şəhərlərdə hərəkətsizlik artıq aktual bir məsələdir.
Prezident İlham Əliyev: Ekoloji tarazlıq da mütləq maksimum qorunmalıdır.
Ruslan Sadıqov: Bəli, faizlər barədə Sizə əlavə məlumat verəcəyik. Nəqliyyat infrastrukturu - piyadalar birincidir, fərdi velosiped vasitələri ikincidir, ictimai nəqliyyat üçüncü yeri tutur. Sizin tapşırığınıza uyğun olaraq, elektriklə işləyən yeni tramvay xətləri də nəzərdə tutulub, relslər olmadan təkərlər üzərində hərəkət edəcək.
Prezident İlham Əliyev: Tramvaylar ölkəmizdə hələ heç yerdə yoxdur, özü də elektriklə işləyən.
İctimaiyyət nümayəndələri: Trolleybus da. Möhtərəm cənab Prezident, Allah Sizi qorusun, elə gözəl layihələr həyata keçirmisiniz ki, Ağdamımız da Şuşa ilə bir yerdə cənnət bağı olacaq.
Prezident İlham Əliyev: Mən demişəm, cənnət olacaq.
İctimaiyyət nümayəndəsi: Cənnət bağında mənim tarım da olacaq, ifam da olacaq, başda Siz olmaqla. Allah Sizi qorusun.
Ruslan Sadıqov: Cənab Prezident, bu tramvay dairə ilə hərəkət edəcək, bu dairənin ortasında 60 metrlik yol olacaq. Bu yol Sizin təməlini qoyduğunuz ilk yaşayış kvartalından başlayır və gəlib administrativ mərkəzə çıxır. Mərkəzdə yeni meydan qurulacaq, o meydanın tribunası olacaq, şəhər administrasiyası yerləşəcək və qarşısında da konqres hol olacaq.
Prezident İlham Əliyev: Kütləvi tədbirlər, paradlar, konqres hol.
Ruslan Sadıqov: Bəli, kütləvi tədbirlər, sərgilər, ola bilər kənd təsərrüfatı sərgiləri, turizm sərgiləri təşkil edilsin. Ağdam şəhərinin yanında bir hündürlük var, o hündürlüyü isə Dağüstü park kimi istifadə etmək olar. Orada açıq teatr nəzərdə tutulub ki, Ağdamda təşkil olunacaq muğam konsertlərinin sədaları bütün şəhəri bürüsün.
Təhsil Nazirliyinin təklifi ilə 15 məktəb layihəsi verilib. Sizin göstərişinizlə Qarabağ Universitetinin yaradılması nəzərdə tutulur. Universitetdən əlavə, xüsusi orta təhsil müəssisələri və liseylər yaradılacaq.
Prezident İlham Əliyev: Ağdam bütün Qarabağın təhsil mərkəzi olacaq.
Ruslan Sadıqov: Gələcək investorlar da xüsusi məktəb inşa etmək istəyirlər. Onlar da istəsələr gəlib burada kamplarını qura bilərlər, tələbələrimiz gedib orada-burada qalmaqdansa, özləri gözəl Ağdamda, Şuşaya çox yaxın tarixi bir yerdə təhsillərini ala bilərlər. Bu hissədə isə Sizin tapşırığınıza əsasən stadion nəzərdə tutulub. Stadionun tamaşaçı tutumu 30 min nəfərdən çox olacaq. Stadion müəyyən standartlara uyğun gəlməlidir ki, burada oyunlar keçirilə bilsin.
Prezident İlham Əliyev: Adı İmarət olacaq. Amma İmarəti də biz yenidən bərpa edəcəyik. Çünki o, cıdır kimi nəzərdə tutulmuşdu, ona görə biz onu elə cıdır formasına salacağıq.
Ruslan Sadıqov: Bəli, düşünürəm ki, Pənahəli xanın İmarət sarayı Ağdamın, ümumiyyətlə, Azərbaycanın ziyarətgahlarından biri olacaq. Sizin tapşırığınıza uyğun olaraq, layihələr hazırlanıb. Düşünürəm ki, çox möhtəşəm turizm obyektinə çevriləcəkdir.
Prezident İlham Əliyev: Dəmir yolu vağzalı?
Ruslan Sadıqov: Bəli, şəhərin şərqində yerləşdirilib. Vağzala gedən yollarda iri müəssisələr, bir-iki mərtəbəli ticarət obyektləri yaradılacaq ki, şəhərin içində böyük müəssisələr olmasın, onlar o yolda yerləşdirilsin. Ağıllı və dayanıqlı sosial infrastruktur elə qurulub ki, burada məktəblər, sosial xidmətlər, tibb müəssisələri, parklar, şəhər meydanı - bunlar hamısı vəhdət təşkil edir və bir-birinin yaxınlığındadır. Uşaq məktəblərinin əlçatanlığı burada dairələrlə göstərilib, hamısı 300-350 metr məsafədədir. İnsanın hansı nöqtədə yaşamasından asılı olmayaraq, 300-350 metrliyində məktəb olacaq.
Prezident İlham Əliyev: Piyada gedəcək?
Ruslan Sadıqov: Bəli, piyada gedəcək. Bu da ictimai nəqliyyatdan, şəxsi nəqliyyatdan istifadənin sayını minimuma endirmək üçün nəzərdə tutulub. Burada şəhər parklarının əhatə dairəsi də verilib. İnsan evindən çıxarkən 400 metrdən bir istirahət parkına çatmış olacaq. Bu da ictimai məkanlardır.
Prezident İlham Əliyev: Yaşamaq üçün əsl şəhər olacaqdır.
Ruslan Sadıqov: Ağıllı və dayanıqlı şəhər, ictimai nəqliyyat. Siz artıq bu haqda dediniz - birinci piyadalardır, ikinci velosiped, sonra ictimai nəqliyyatdır, ondan sonra isə taksi və “Carsharing”. Bilirsiniz, insanlar maşınlarını bölüşürlər. Sifarişlə “Smart mobility” və yaxud elektrik samakatları var, gənclər buna çox üstünlük verirlər, şəhərimizin özündə də bunu görə bilirik. Bunun üçün ayrıca şərait və infrastruktur olacaq ki, insanlar yola çıxmadan velosipeddən təhlükəsiz, rahat istifadə edə bilsinlər. Piyadalar onlara, onlar isə piyadalara mane olmayacaqlar. Bu, ağıllı və dayanıqlı şəhərin müddəalarının ən vaciblərindən biridir, hansı ki, ekologiyaya da təsir edir, insanların yaşayış səviyyəsinə də. 79 kilometr velosiped yolu nəzərdə tutulub. Bu, həmin o dediyimiz elektrik tramvayıdır.
Prezident İlham Əliyev: Relsi yoxdur da?
Ruslan Sadıqov: Xeyr, bunun relsi yoxdur. Bu, birinci dairədir, hansı ki, ilkin mərhələdə olacaq. Bu, ikinci dairədir. Allah qoysa, şəhər əhalisi 100 min nəfərə çatanda üçüncü dairə kimi də əlavə avtobus nəqliyyatı nəzərdə tutulub.
Bu, yolların infrastrukturudur, cənab Prezident. Biz görürük ki, ən enli yol - tramvay xətti prospekti 60 metrlikdir. Burada piyada yolları, velosiped yolları var. Tramvay və avtomobil yolları buraya aid edilmir.
Prezident İlham Əliyev: Ayrıca xətdir?
Ruslan Sadıqov: Bəli, ayrıca xətdir. Deməli, avtomobil sıxışdırılıb ortaya salınıb ki, onlar gediş-gəlişdə piyadalara heç cür təsir etməsin.
Prezident İlham Əliyev: Bütün şəhərlərdə adətən tramvay avtomobil yolunun ortası ilə gedir və bu, bir qədər təhlükə yaradır, amma burada ayrıca xətt olacaq.
Ruslan Sadıqov: Bəli, bu, ayrıca xətdir, dayanacaqlar olacaq, insanlar oradan tramvaya minib gedəcəklər. Bu, şəxsi avtomobillərə, trafikə təsir etməyəcək. Bu 60 metrlik yol Portuqaliyanın Lissabon şəhərindəkinə oxşar olacaq, səkiləri çox enlidir. Bunlar yol kəsişmələridir, ən kiçik yollarımız isə 20 metrlikdir. Onların da strukturu verilib. Hamısında da velosiped yolları nəzərdə tutulub.
Sizə məruzə etmək istəyirəm ki, “Azərenerji” tərəfindən artıq yüksək gərginlikli xətt çəkilir. “Azərişıq” tərəfindən artıq müvəqqəti xətlər buraya gətirilib, 2 yarımstansiyanın yeri artıq müəyyən olunub, onlar yaxın günlərdə istifadəyə veriləcək. Su mənbələri müəyyən olunur. Şəhərin qərbindəki su mənbələrindən təqribən 500 metrlik hündürlükdən anbara vurulacaq və buradan özü öz təzyiqi ilə axacaq. Dairəvi xətt suda da qurulacaq ki, hər bir evdə əlavə mühərriklərə, motor sistemlərinə ehtiyac olmadan su təzyiqləri təmin edilsin. Bu da yenə ağıllı və dayanıqlı şəhər müddəalarına uyğun bir işdir. Bunlar isə Ağdam şəhərində tikiləcək bina nümunələridir. Əlbəttə, bu, ola bilər ki, bu və ya digər formada müxtəlif olsun, amma ilk görünüşdə bu, şəhərətrafı bağlardır, hansı ki, haqqında Sizə məruzə etdim, bax belə təsərrüfatlardır.
Prezident İlham Əliyev: Kənd təsərrüfatı?
Ruslan Sadıqov: Bəli, şəhərətrafı. Şəhərətrafı ola bilər ki, çox güman Ağdamın bütün kəndləri elə olacaq. Çünki onların hamısının, kəndlərin də bölgüləri o sistemlə verilib. Ağdamın özünəməxsus çox gözəl daşı var. Söküntülərdən yığılan o daşlar üçün müəyyən yer ayırmışıq, oraya yığmışıq. Hələ ki, karxanalardan istifadə olunmasa da, biz Ağdamda, məsələn, açıq səma altında işğal muzeyinə, - artıq o layihədə nəzərdə tutulub, - o daş xüsusi gözəllik verəcək. Bu isə Ağdamın böyük tarixi olan Qarağacı qəbiristanlığıdır. O qəbiristanlıqda daşların hamısı ermənilər tərəfindən dağıdılıb, qəbiristanlıq şumlanıb. Bu, ağdamlıların ən ağrılı yeridir. Ora üçün də ayrı layihə işlənir ki, nə mümkün olacaqsa, bərpa edək.
İctimaiyyət nümayəndələri: Valideynlərimizin hamısının qəbri oradadır. Dağıdıblar hamısını, şumlayıblar.
Ruslan Sadıqov: Cənab Prezident, Siz Şuşada möhtəşəm bir məscidin təməlini qoydunuz. Şuşa öz məscidi ilə bizim xalqı gözləyir. Şükür Allaha ki, bu da Ağdamın ən böyük tarixi eksponatı kimi qalır, fəxrimizdir, eyni zamanda, yeni məscid layihələri də var.
Prezident İlham Əliyev: Ağdam Cümə məscidinin bərpası ilə bağlı işlərə artıq start verildi. Heydər Əliyev Fondu bu işləri öz üzərinə götürdü, mütəxəssislər cəlb edildi. İlk növbədə, biz o məscidi bərpa etməliyik.
İctimaiyyət nümayəndələri: Mehriban xanıma minnətdarıq.
Prezident İlham Əliyev: Bəli, bir də Qiyaslı məscidini də bərpa etməliyik. Onu da dağıtmışlar. Ondan sonra da əlbəttə ki, digər yerlərdə məscidlər tikiləcəkdir.
Ruslan Sadıqov: Bu filmdə Ağdamın keçmiş xoşbəxt günləri, sonra işğal dövründə dağıdılmış şəhər göstərilir.
Prezident İlham Əliyev: Buranı da göstər, bax, bu, maraqlıdır.
Ruslan Sadıqov: Bəli, bu, həmin dediyimiz kanal sistemidir. O kanal şəhər şəlaləsinə gələcək.
Prezident İlham Əliyev: Venesiya kimi.
Ruslan Sadıqov: Şəhər şəlaləsindən başlayacaq kanal evlərin arasından keçib Siz ağac əkdiyiniz həmin o parkadək uzanacaq. Şəhər ətrafında həmin kanalın bu formada olması nəzərdə tutulur.
Prezident İlham Əliyev: Eni nə qədər nəzərdə tutulur?
Ruslan Sadıqov: Eni təqribən 30 metrə qədər nəzərdə tutulur. Çox böyük də olmasın, kiçik də olmasın. Ətrafında da səkilər və gəzinti yerləri, iaşə obyektləri olacaq.
Prezident İlham Əliyev: Körpülər.
Ruslan Sadıqov: Gözəl körpülər nəzərdə tutulub, dünyanın ən yaxşı körpülərindəndir, hansı ki, Siz göstəriş vermisiniz, bəyənmisiniz. Orada istirahət zonaları və insanların yayda asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl yerlər olacaq.
Prezident İlham Əliyev: Bu da təməl qoyduğumuz binadır. Birinci binanın təməlini qoyduq, ağ rəngdə.
İctimaiyyət nümayəndələri: Bir sözlə, dediyiniz möcüzə. Həqiqətən möcüzədir.
Prezident İlham Əliyev: Ağdam ağ bina deməkdir.
Ruslan Sadıqov: Şəhərin birinci böyük ağ binasının təməlini qoydunuz.
İctimaiyyət nümayəndələri: Cənab Prezident, müharibəmiz də nümunə oldu, quruculuğumuz da.
Prezident İlham Əliyev: Elədir, mən demişəm ki, bu, dünya üçün nümunə olacaq. Bu, şəhərsalma prinsiplərinin müasir konsepsiyasıdır.
Ruslan Sadıqov: Cənab Prezident, gördüyünüz məkan elə qurulub ki, bu, artıq gələcəkdə şəhər pavilyonu kimi qalacaq. Burada təməl daşı da qoyulacaq ki, gələcək nəsillər bunu görsünlər.
Prezident İlham Əliyev: Görsünlər ki, təməli burada qoyulub.
Ruslan Sadıqov: Burada Sizin tapşırığınıza uyğun olaraq, pavilyon qurulacaq. Gələcək Ağdamın modeli orada nümayiş etdiriləcək. Bunu həm sakinlər, həm də qonaqlar seyr edə biləcəklər. Qarşımızda Sizin ucaltdığınız bayraq meydanıdır. Sağ tərəfdə işğal muzeyi üçün ayrılmış ərazidir. Hansı ki, o formada da qalacaq. Qarşımızdakı isə 4 hektarlıq parkdır.
Prezident İlham Əliyev: Gəlirik bu tarixi məqama.
Dövlətimizin başçısı şəhərin bərpasının təməl daşını qoydu.
İctimaiyyət nümayəndələri: Xeyirli olsun. Bu, bizə böyük şərəf oldu.
Prezident İlham Əliyev: Bu, tarixi gündür, tarixi hadisədir.
İctimaiyyət nümayəndəsi: Biz də istəyirik ki, Sizin də xeyir-dualarınızla burada tamaşalarımızı, “Leyli və Məcnun”u nümayiş etdirək.
Prezident İlham Əliyev: Burada tikinti işləri gedə-gedə müxtəlif konsertlər təşkil etmək olar.
İctimaiyyət nümayəndəsi: İnanın, cənab Prezident, 60 il tarımla səhnədə olmuşam. O festivalların sayı nə qədər çox olsa da, ən sanballısı Şuşada oldu. Allah Sizi qorusun. Allah Sizə Şuşa qədər ömür versin.
İctimaiyyət nümayəndəsi: Cənab Prezident, yaşamağa, yaratmağa dəyər. Dahiyanə işlər gördünüz. Buna inanmaq olmur, amma həqiqətdir. Allah Sizi qorusun.
Sonra xanəndələr birgə muğam ifa ediblər.
İctimaiyyət nümayəndəsi: Cənab Prezident, bizim arzumuzdur ki, “Leyli və Məcnun” Üzeyir bəyin doğulduğu Şuşada tamaşaya qoyulsun, orada səhnəyə çıxaq.
Prezident İlham Əliyev: Çox yaxşı təklifdir.
İctimaiyyət nümayəndəsi: Cənab Prezident, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında dünən çox gözəl Sərəncam imzaladınız. Akademiyanın 100 illiyində ən gözəl ifaları Sizə təqdim edəcəyik. Lakin ən böyük poemanı, povesti, simfoniyanı, əsəri Siz yazmısınız. Bu torpaqları azad etməklə Siz çox nəhəng iş gördünüz. Buna görə musiqi də, incəsənət də, Vətən də yaşayacaq. Biz də hər zaman Sizinlə birgə olacağıq. Siz bizə həyat verdiniz. Allah Sizi qorusun.
Sonra xatirə şəkilləri çəkdirilib.
Dövlətimizin başçısı ərazidə ağac əkib.