Azərbaycanın istiqlaliyyətinin elan olunmasının 103-cü ildönümü və 28 may – Respublika Günü münasibətilə Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) silsilə tədbirlər təşkil edib.

ASAP tərəfindən Aydın Universitetində “Müstəqil Azərbaycan Respublikası 103 yaşında” mövzusunda konfrans keçirilib.

Universitetin rektor müavini İbrahim Haqqı Aydın, ölkəmizin İstanbuldakı Baş konsulluğunun əməkdaşı Zaur Allahverdi-zadə, ASAP-ın baş katibi Ülkər Qurbanova, koordinatoru Fərid Şahbazlı, türkiyəli siyasi ekspert, professor Kuray Karaca və başqa çıxış edənlər Azərbaycanın keçdiyi tarixi yol haqqında iştirakçılara məlumat veriblər.

Bildirilib ki, tarixi ədalətin bərqərar olması, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə builki Respublika Gününü xüsusilə əlamətdar edir.

ASAP-ın daha bir tədbiri isə İstanbulun Taksim meydanında keçirilib. “Bayraq aksiyası” mövzulu tədbirə azərbaycanlı tələbələrlə yanaşı türkiyəli gənclər də qatılıblar.

Aksiyanın İstanbulun ən izdihamlı məkanlarından olan Taksim meydanında sakinlərə, turistlərə Azərbaycan bayrağı hədiyyə etmək, 28 May günü, eləcə də Azərbaycan haqqında insanlara məlumat verməkdir.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə mindən artıq bayraq Türkiyə və digər ölkə vətəndaşlarına təqdim olunub.

Mehparə SULTANOVA
Ankara