Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, Azərbaycanın regionlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti və Özbəkistanın müxtəlif ali məktəblərində, mədəniyyət müəssisələrində yaradılmış Azərbaycan ocaqlarının birgə təşkilatçılığı ilə 28 May – Respublika Günü münasibətilə “İstiqlaliyyət günü: tariximizin şanlı səhifəsi” adlı beynəlxalq onlayn videokonfrans keçirilib.
Tədbiri açan Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova xalqımızın milli özünüdərk, mənlik şüurunu özünə qaytaran, onun müstəqil dövlət qurmaq imkanlarına malik olduğunu dünyaya nümayiş etdirən və 103 il öncə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti haqqında danışıb. O, ölkəmizin ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra dövlətçiliyimizin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin uğurlu siyasətlərini və xüsusi xidmətlərini qeyd edib.
Daşkənddəki Heydər Əliyev adına AMM-in direktoru Samir Abbasov Respublika Günü ilə əlaqədar geniş məlumat verib, bütün iştirakçıları Vətən torpaqlarının azad olunması, əldə olunmuş Zəfər münasibətilə təbrik edib.
Sonra AMM tərəfindən Respublika Günü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib.
"Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov bu gün Azərbaycanın qazandığı hər bir uğurun ona dost, qardaş olan ölkələri sevindirdiyini qeyd edib. O, Azərbaycanın Özbəkistan üçün etibarlı dost və strateji tərəfdaş olduğunu, xalqlarımızın qohumluğunu, münasibətlərimizin yüksək səviyyəsini məmnunluqla dilə gətirib.
Daha sonra Özbəkistanın "Turan" İnformasiya-Kitabxana Mərkəzinin direktoru Nəsibə Əhmədova, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Balakən Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov, YAP Quba rayon təşkilatı Qadınlar şurasının sədri Aysel Şeydayevanın çıxışları dinlənilib.
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru, universitetdəki Azərbaycan ocağının rəhbəri Gülbahar Aşurova Azərbaycanın istiqlaliyyət gününə ən böyük hədiyyənin 30 il Ermənistan işğal altında qalan Vətən torpaqlarının azad edilməsi olduğunu qeyd edib, Özbəkistanın Xalq şairi Camal Kamalın “Azərbaycan” şeirini söyləyib.
Tədbirdə həmçinin Şirvan, Masallı, Cəlilabad, Yardımlı, Astara, Quba, Qəbələ, Oğuz, Xaçmaz, Kürdəmir, Samux, Şəmkir, Sumqayıt, Zaqatala, Şəki, Qax, paytaxtımızın Yasamal və Qaradağ rayonlarının Heydər Əliyev mərkəzləri, eləcə də Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS iştirak edib.