Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü, 28 May – Respublika Günü münasibətilə Avstriyanın Baden şəhərində mədəni proqram təşkil edilib.
Proqram çərçivəsində gənc azərbaycanlı bəstəkar və pianoçu Etibar Əsədli solo konsertlə çıxış edib.
Konsert Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Baden Şəhər Bələdiyyəsinin dəstəyi ilə gerçəkləşib.
Etibar Əsədli solo konsertdə Azərbaycan bəstəkarlarının əsərlərini, xalq mahnılarını və öz bəstələrini ifa edib. Azərbaycan musiqisinin caz improvizasiyaları ilə təqdimatı, eləcə də bəstəkarın müəllifi olduğu “1924”, “İthaf” əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, mədəniyyət günləri Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət klassik konsert proqramı ilə yekunlaşacaq. Qala konsertdə Əməkdar artist, “Qızıl çinar” beynəlxalq mükafatı laureatı Fuad İbrahimovun dirijorluğu ilə Vyana Kamera Orkestri çıxış edəcək. Solistlər arasında Avstriyada yaşayan gənc Azərbaycan musiqiçiləri Mərziyyə Hüseynova (soprano), Orxan Cəlilov (tenor), Jalə Rəsulova (fortepiano) yer alacaqlar.