Şair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Əziz Musa vəfat edib. Bu barədə AYB-nin mətbuat xidmətindən məlumat verilib.
Əziz Musa (Əziz Həsən oğlu Musayev) 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1972-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Pedaqoji fəaliyyətlə yanaşı, yaradıcılıqla da məşğul olub.
1972-ci ildən dövri mətbuatda “Əziz Musa” imzası ilə çıxış edib. 20-dən çox şeir kitabı işıq üzü görüb. “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru idi.
Şeirlərinin böyük qismi vətən, torpaq həsrəti ilə bağlı idi:
Neyləyir Xan çinarım,
Gur bulaqlar axırmı?
Yenə Ağoğlan dağı
Məğrur-məğrur baxırmı?
Tey dağında, Qalada,
İldırımlar çaxırmı?
Yazda əlvan don geyən,
Necədir gözəl Gəyən?
Cəbrayıl, ay Cəbrayıl.
Amma doğma yurdun işğaldan azad olunduğunu görmək ona qismət oldu. O yurda qayıtmaq qismət olmasa da...
Son şeirlərindən birində belə yazmışdı:
Boylanıram mən Günəşə, mən Aya,
Nə söyləyim bu qismətə, bu paya,
Əziz Musa, bel bağlama dünyaya,
Zərrə qədər etibarı yoxdu, yox.
Allah rəhmət eləsin.