Mədəni özünüifadə üzrə UNESCO Konvensiyası, nəhayət, ölkəmizin bütün ərazisində həyata keçiriləcək
Xəbər verdiyimiz kimi, mayın 31-dən UNESCO-nun qərargahında “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci il Konvensiyasına üzv dövlətlərin Konfransının 8-ci sessiyası keçirilir. Onlayn formatda keçirilən konfransda ölkəmiz Mədəniyyət Nazirliyi və UNESCO yanında daimi nümayəndəliklə təmsil olunur.
Azərbaycan 2010-cu ildən UNESCO-nun Mədəni Özünüifadə və Müxtəlifliyin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyasına qoşulub. Həmin ildən etibarən ölkədə mədəniyyət sahəsində bütün hüquqi və mədəniyyət siyasəti sənədlərində bu Konvensiyanın müddəalarının tətbiq edilməsi təmin edilir. Müxtəlif proqramlar və mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” kimi qlobal təşəbbüslər sayəsində bu sahədə uğurlar əldə edilib.
Bu fikirləri Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov sessiyadakı çıxışında səsləndirib.
Sektor müdiri bildirib ki, yaradıcı sənayenin inkişafı ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi sahəsində strateji istiqamətlərdəndir. Prezident İlham Əliyevin 2021-ci ilin fevralında imzaladığı müvafiq sərəncamla yaradıcı sənayelər Azərbaycanın Strateji Prioritetləri çərçivəsində hazırlanan 2025-ci il Strateji Yol Xəritəsinə daxil edilib. Ölkə əhalisinin yaradıcı sənayelər haqqında məlumatlılığını artırmaq, eləcə də yerli istehsalın, yaradıcı məhsulların və xidmətlərin yayılması və ixracının təşviqi məqsədilə 2019-cu ildə “Kreativ Azərbaycan” adlı xüsusi portal yaradılıb.
“Bizim üçün son bir il böyük dəyişikliklər ilə yadda qalıb. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, işğala son qoyulub. Nəhayət, inamla deyə bilərik ki, 2005-ci il Konvensiyası ölkəmizin bütün ərazisində həyata keçiriləcək. İşğal illərində bütün şəhər və kəndlərimizin tamamilə yerlə yeksan edilməsinə baxmayaraq, ruhdan düşməmişik. Onlara yeni həyat verərək canlandıracağıq. Azərbaycan bu yerlərə yenidən qayıtmaq, həyat gətirmək və mədəni həyatı dirçəltmək üçün əlindən gələni edir”, – deyə R.Abbəkirov sessiya iştirakçılarının diqqətinə çatdırıb.
İyunun 4-də başa çatacaq sessiyanın proqramına incəsənət və mədəniyyət mütəxəssislərinin statusu, rəqəmsal mühitdə mədəni özünüifadə müxtəlifliyinin qorunması, bu xüsusda COVİD-19 pandemiyası ilə gündəmə gətirilən məsələlər, həmçinin 2005-ci Konvensiyasının Hökumətlərarası Komitəsinə 12 yeni üzv seçilməsi, 2022-2023-ci illər üçün fəaliyyət istiqamətlərinin müəyyənləşməsi və s. daxildir.
Qeyd edək ki, Azərbaycan Respublikası 7 iyun 2019-cu ildə UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyasının Hökumətlərarası Komitəsinin dörd il müddətinə (2019–2023) üzvü seçilib.
Sessiyada Qoşulmama Hərəkatının bəyanatı səsləndirilib
Sessiya çərçivəsində Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanında qrupunun bəyanatı da səsləndirilib. Bəyanat UNESCO-dakı daimi nümayəndəliyimizin diplomatı Nigar Qurbanova tərəfindən təqdim edilib.
Bəyanatda bildirilir ki, Qoşulmama Hərəkatına üzv dövlətlər UNESCO-nun Baş Konfransının 2001-ci il noyabrın 2-də keçirilmiş 31-ci iclasında qəbul edilmiş mədəni müxtəliflik üzrə Dünya Bəyannaməsində və Fəaliyyət Planında yer alan müddəaların yerinə yetirilməsinə sadiqliklərini ifadə edirlər.
2005-ci il Konvensiyasının preambulasında göstərildiyi kimi, “mədəni özünüifadəni inkişaf etdirən, eləcə də yeniləyən və bütövlükdə cəmiyyətin inkişafı naminə mədəniyyətin inkişafında iştirak edənlərin rolunu artıran qarşılıqlı mədəni fəaliyyət və yaradıcılığın əsas rolu”nu vurğulayan N.Qurbanova bildirib ki, Qoşulmama Hərəkatı UNESCO-nun üzvlərini nəsildən-nəslə keçə bilən və sülh, dözümlülük, birgəyaşayış, insan hüquqlarına hörmət vasitəsi kimi dövlətlərin mədəni özünüifadəsinin etibarlılığının təmin edilməsi və xalqların kimliyi və mədəni müxtəlifliyinin təşviqi üçün dialoqa dəvət edir.
Vurğulanıb ki, Qoşulmama Hərəkatının üzvləri UNESCO Katibliyinin Beynəlxalq Mədəni Müxtəliflik Fondunun səmərəli icrasını təmin etməyə, 2005-ci il Konvensiyasının və incəsənət nümayəndələrinin statusuna dair 1980-ci il Tövsiyəsinin icrası və monitorinqində sinerjini gücləndirməyə, mədəniyyət sahəsində fəaliyyətləri inkişaf etdirməyə, münaqişədən sonrakı yenidənqurma və barış proseslərinin əsas elementləri olaraq yaradıcılığı və mədəni həyatın canlandırılmasını, rəqəmsal mühitdə mədəni özünüifadə müxtəlifliyini təşviq etmək üçün milli yol xəritələrinin statusunu, eləcə də mədəniyyət sahəsində gender bərabərliyini inkişaf etdirməyə yönəlmiş fəaliyyətləri təqdir edir.
Qoşulmama Hərəkatına üzv dövlətlər BMT Baş Assambleyasında elan edilmiş “Davamlı inkişaf üçün Beynəlxalq Yaradıcı İqtisadiyyat İli” çərçivəsində ədalətli əməkhaqqı, sosial təhlükəsizlik və iqtisadi müdafiə sistemləri, eləcə də rəqəmsallaşdırmanın faydalarının ədalətli bölüşdürülməsi ilə bağlı ictimaiyyətin məlumatlandırılmasının vacibliyini vurğulayıblar. Bu ilin yaradıcı ekosistemin dayanıqlılığı və davamlılığının inkişafı üçün zəmin yaratdığı bildirilib.
“Bu kontekstdə Qoşulmama Hərəkatına üzv dövlətlər Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitənin mühüm rol oynadığını vurğulayır”, – deyə bəyanatın sonunda diqqətə çatdırılıb.