Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Ayaz Abbasov adına Qaradağlı kənd tam orta məktəbinin 5-ci sinif şagirdlərinin Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil edilib. Muzeydə məktəblilərə Ağdam rayonunun qədim tarixini, zəngin keçmişini və mədəniyyətini özündə əks etdirən eksponatlar haqqında məlumat verilib.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Neftçala rayon Heydər Əliyev Mərkəzində AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərovanın “Azərbaycan dilinin Neftçala rayon şivələri” adlı monoqrafiyasının təqdimatı keçirilib.

Bərdə Regional Mədəniyyət İdarəsində aparat işçilərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə ötən həftə ərzində görülmüş işlər və növbəti həftə ərzində qarşıda duran vəzifələr müzakirə olunub. Bərdə rayon MKS-nin Kolayır kənd kitabxana filialı oxucularına səyyar kitabxana xidməti göstərib. MKS-nin Kərimbəyli və Mehdixanlı kənd kitabxana filialları Azərbaycan yazıçısı, publisist, geoloq Şamo Rəhimovun (Şamo Arif) 85 illiyi münasibətilə videoçarxlar hazırlayıblar.

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 7 saylı kitabxana filialı yazıçı-publisist Əlisəfa Azayevin 70 illiyi ilə əlaqədar kitablarının xülasəsini keçirib. Gəncə şəhər Uşaq incəsənət məktəbində 2020-2021-ci tədris ilinin nəticələrinə həsr olunmuş tədbir təşkil olunub. Samux rayon Heydər Əliyev Mərkəzi, Samux rayon Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsi və Sarıqaya kənd kitabxana filialı birgə “Məhəbbət dastanını yazanlar” adlı videokonfrans keçirib. Samux rayon Mədəniyyət Mərkəzi 2 iyul - Azərbaycan Polisi Günü münasibətilə videokonfrans keçirib.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa Dövlət Rəsm Qalereyasında “Narkomaniyadan gəncləri qoruyaq” adlı sərgi təşkil edilib. Qazax rayon MKS “Prezident - xalq birliyinin möhtəşəm təntənəsi” mövzusunda videokonfrans  keçirib. Tədbirdə “Azərbaycan tarixinə şanlı Qələbə yazan lider” adlı sərgi nümayiş olunub. Tovuz rayon MKS-nin təşkilatçılığı ilə “Mütaliənin asudə vaxtın təşkilində rolu” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə kitabxana əməkdaşları yeniyetmə və gənclərdə mütaliəyə marağın artırılması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, eləcə də kitabxanaya cəlb edilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Mərkəzi kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Əlisəfa Azayevin 70 illik yubileyi münasibətilə kitab sərgisi keçirilib. Tədbirdə çıxış edənlər yazıçının həyat və yaradıcılıq yolu haqqında ətraflı məlumat verib, əsərlərinin ideya-bədii məziyyətləri haqqında danışıblar.

Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Balakən rayon Qullar kənd Sənətkarlıq evi gənc və yeniyetmələrin iştirakı ilə narkomaniyaya qarşı mübarizə məqsədilə “Ağ ölüm” adlı onlayn görüş təşkil edib.

Oğuz rayon MKS-nin Çaldaş və Bayan kənd kitabxanalarında “Yay məktəbi” ilə əlaqədar “nağıl saatı” təşkil olunub.

Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzi açıq havada “Aç qəlbini varaq-varaq” adlı əyləncəli tədbir keçirib. Tədbirdə milli geyimdə xalça üzərində əyləşmiş Mədəniyyət Mərkəzinin əməkdaşları xalq yaddaşından süzülüb gəlmiş bayatılar, laylalar söyləyiblər. Mərkəzin nəzdində fəaliyyət göstərən İ.Dağıstanlı adına Xalq teatrının gənc və istedadlı aktyoru İbrahim Paşayevin söylədiyi yanıltmaclar isə tədbirə xüsusi rəng qatıb.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Əlisəfa Azayevin 70 illiyinə həsr olunmuş “Detektiv əsərlər müəllifi” adlı onlayn tədbir keçirilib.

N.MƏMMƏDLİ