Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə “Kəndlərdə mədəniyyət günləri” layihəsinə başlanılıb. Layihənin məqsədi kəndlərin adət-ənənələrinin, mətbəxinin yaşadılması, insanların asudə vaxtının səmərəli təşkil edilməsi, gənclərə vətənpərvərlik ruhunun aşılanmasından ibarətdir.

İlk tədbir Siyəzən rayonunun Balaca Həmyə kəndində gerçəkləşib. “Çiçəklənən yurdum mənim” adlı tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, idarənin əməkdaşları, mədəniyyət işçiləri və kənd sakinləri iştirak ediblər.

Çıxışlardan sonra vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “Kərpickəsən kişinin dastanı” hekayəti əsasında səhnəcik nümayiş etdirilib. Tədbir gənc müğənnilərin ifasında “Yaşa, Azərbaycan!” mahnısı ilə başa çatıb.

“Kəndlərdə mədəniyyət günləri” layihəsi çərçivəsində daha bir tədbir Quba rayonunun Bağbanlı qəsəbəsində “Tarixi Zəfərimizin incəsənətdə tərənnümü” mövzusunda keçirilib.