Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İtaliyanın mədəniyyət və sosial məsələlər üzrə “Lo Spessore” analitik xəbər agentliyinə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə bağlı müsahibə verib.

Portalın əməkdaşı, jurnalist Domeniko Letizia yazının əvvəlində Azərbaycan haqqında məlumat verib, 2021-ci ilin Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, dünyaca məşhur şairin yubileyi ilə bağlı Azərbaycanın hüdudlarından kənarda da silsilə tədbirlər keçirilməkdədir. İtalyan jurnalist şairin yaradıcılığının təbliği üçün bu vaxta qədər dövlət səviyyəsində görülən işlərdən də bəhs edib.

Günay Əfəndiyeva müsahibəsində jurnalistin Nizami Gəncəvi ədəbi irsi, onun multikultural dəyərlər baxımından önəmi, müasir oxucu üçün Nizami yaradıcılığının əhəmiyyəti və müxtəlif incəsənət sahələrinin inkişafına təsiri haqqında suallarını cavablandırıb.

Fondun prezidenti Nizami Gəncəvinin yaradıcılığının ədəbi və coğrafi sərhədlərə sığmadığını vurğulayıb, Höte, Erix From, Lui Araqon kimi məşhur avropalı alim və ədəbiyyatşünasların dahi Azərbaycan şairi və mütəfəkkirinin yaradıcılığını yüksək qiymətləndirdiklərini bildirib.

Jurnalistin Nizami yaradıcılığında multikultural dəyərlərlə bağlı sualına cavabında Günay Əfəndiyeva vurğulayıb ki, Nizami Gəncəvi Azərbaycan şairi olduğu qədər bəşəri şairdir. O, Nizaminin “Yeddi gözəl”  poemasından misallar gətirərək şairin bütün millətləri eyni dərəcədə sevməyi aşıladığını bildirib. Qeyd edib ki, dahi şairin “Xəmsə”si bütövlükdə humanizm və miltikulturalizm konsepsiyasıdır. Fondun prezidenti Nizami Gəncəvinin özündən sonra böyük bir ədəbi məktəb yaratdığını diqqətə çatdırıb, mütəfəkkir şairin yaradıcılığının həm öz dövründə, həm də müasir dövrdə müxtəlif sənət sahələrinin – klassik musiqinin, rəssamlığın, miniatür sənətinin inkişafına böyük töhfə verdiyini deyib.