Su insan orqanizminin əsasını təşkil edir. Məhz buna görədir ki, sulu boya rəsmlərindən danışdıqda təkcə onun gözəlliyindən yox, eyni zamanda saf fəlsəfəsindən də söz aça bilərik. Şəffaflığın, təmizliyin simvolu olan sulu boya texnikasının yüzillərlə qorunub irs kimi bizə çatdırılması da təsadüfi deyil. Heç bir səhvi, ləkəni qəbul etməyən bu texnika sanki müdrik bir insanın xarakterinə sahibdir. Yəqin ki,  çətin xarakterinə görə son dövrlərdə rəssamlar tərəfindən az müraciət olunmasına baxmayaraq, sulu boya hələ də dünya rəssamlığının əvəzolunmaz texnikası olaraq qalır.

Azərbaycanda da miniatür sənətinin inkişafına töhfəsini vermiş, Bəhruz Kəngərli yaradıcılığında öz zirvəsinə çatmış sulu boyanın bu gün də inkişafına dəstək üçün bir sıra vacib addımlar atılmaqdadır.

Bu addımlardan biri də yaxın günlərdə Beynəlxalq Sulu boya Cəmiyyətinin (İWS) Azərbaycandakı nümayəndəliyi (İWS Azərbaycan) və Xətai Sənət Mərkəzinin nəzdində açılmış “İWS Baku Khatai Art Gallery”nin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə keçirilən “Su və rəng ahəngi 2021” akvarel sərgisi oldu.

100-dən çox rəssamın akvarel texnikasında əsərləri ilə müraciət etdiyi sərgidə 51 rəssamın əl işi nümayiş olundu. Sərgidə kifayət qədər tanınmış, rəssamlığın digər texnikalarında öz sözünü demiş rəssamların da sulu boya texnikasında rəsmləri ilə iştirak etmələri də xoş nüanslardan biri idi.

Sərgi təşkilatçılarının da çox gözəl bildiyi kimi, sulu boya texnikasının Azərbaycanda daha da inkişafı üçün belə sərgilərlə yanaşı, yaradıcı ünsiyyətə də ehtiyac var. Elə bu səbəbdən iyulun 23-də Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımovun moderatorluğu ilə akvarel rəssamları və tanınmış sənətşünaslarla birgə sərginin müzakirəsi məqsədilə görüş keçirildi. Görüşdə bu texnikanın inkişafı üçün gələcək addımların müzakirəsi ilə yanaşı, sulu boyanın keçdiyi tarixi inkişaf yolundan da bəhs edildi.

Xətai Sənət Mərkəzinin rəhbəri Zahid Əvəzov, Beynəlxalq Sulu boya Cəmiyyətinin (İWS Globe) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, akvarelçi Xasay Mirzəyev, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Ziyadxan Əliyev,  sənətşünas Anar İskəndərov, akvarelçi rəssamlar Cəlal Ağayev, Əbdüləmi Əliyev, İntiqam Cəfərov və başqaları çıxış edərək fikir və təkliflərini bölüşdülər. Müzakirəyə Beynəlxalq Sulu boya Cəmiyyətinin təsisçisi və rəhbəri Atanur Doğanın da qoşularaq bu texnika ilə bağlı dünya təcrübəsini iştirakçılarla bölüşməsini xüsusi qeyd etmək lazımdır.

Müzakirənin yekununda iştirakçıların təkliflərindən yola çıxaraq düşünürəm ki, bu tip sərgi, vebinar və ustad dərslərinin davamlılığı sulu boya sənətinin ölkəmizdə daha da inkişafına təkan verəcək...

Elçin HÜSEYNLİ
Azərbaycan Dövlət Rəsm Qalereyasının şöbə müdiri