UNİCEF həyəcan təbili çalır
BMT-nin Uşaq Fondunun (UNİCEF) icraçı direktoru Henrietta Fore dünyada baş verən yanğınlar, sellər və quraqlıq nəticəsində bir milyarda yaxın uşağın həyatının risk altında olduğunu bildirib.
Hazırkı mənzərəni “ağlasığmaz dərəcədə qorxunc” adlandıran təşkilatın rəhbəri UNİCEF-in son hesabatının bütün reallıqları göz önünə sərdiyini deyib. Belə ki, dünyada 2,2 milyard uşağın yarısı iqlim dəyişikliyinin ağır fəsadları ilə üz-üzə qalıb. Hindistan, Nigeriya, Filippin və Afrikanın Səhra bölgəsində isə azyaşlılar iqlim dəyişməsi və ekoloji fəlakətlə yanaşı, həm də ifrat yoxsulluq, içməli su qıtlığı, səhiyyə və təhsil problemlərindən əziyyət çəkirlər.
UNİCEF-in hesabatında dünyanın 33 ölkəsində uşaqların taleyi ilə bağlı narahatlıq ifadə olunub. Bu ölkələrin əksəriyyəti Afrika, Latın Amerikası və Asiyada yerləşir. Hesabat BMT-nin Baş Assambleyasına təqdim edilib.