“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən I Küçə Fotoqrafiyası Festivalı çərçivəsində, məşhur fotojurnalist, Əməkdar mədəniyyət işçisi Fərid Xayrulinə (1947-2020) həsr olunmuş xatirə sərgisi açılacaq.

“YARAT”dan bildirilib ki, tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “İçərişəhər” Muzey Mərkəzi, Bakı şəhərindəki Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİHM), həmçinin Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin birgə dəstəyi ilə həyata reallaşacaq.

Avqustun 30-dan sentyabrın 5-dək Şirvanşahlar Sarayı Kompleksinin birinci həyətində keçiriləcək xatirə sərgisində, fotoqrafın şəxsi kolleksiyasından olan 40-dan çox əsəri nümayiş olunacaq.

Fərid Xayrulin bütün yaradıcılıq fəaliyyəti ərzində ölkəmizin fotosalnaməsini yaradıb. TASS və Reuters daxil olmaqla, bir çox tanınmış xəbər agentlikləri ilə sıx əməkdaşlıq edib. Onun fərdi sərgiləri dünyanın bir çox ölkələrində, o cümlədən Rusiya, Mərakeş, Çin, İran, İsveçrə, Almaniya, Kuba və Meksikada keçirilib. "Azərbaycan mənim səxavətli diyarımdır", "Şahdəniz", "Müasir Azərbaycan memarlığı", "Xocalı soyqırımı" və s. bədii və tarixi nəşrləri onun illüstrasiyaları və əsərləri bəzəyir. Onun əsərləri mütəmadi olaraq böyük şəhərin reklam lövhələrində və kütləvi informasiya vasitələrinin səhifələrində görünür.

Sərgi çərçivəsində fotoqrafın xatirə axşamı da keçiriləcək.