Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə ölkə Prezidenti Şavkat Mirziyoyevin fərmanı ilə bir qrup şəxs dövlət müstəqilliyinin möhkəmlənməsində, xalqın mənəviyyatının yüksəldilməsində, elm, təhsil, səhiyyə, idman, ədəbiyyat, mədəniyyət və incəsənət sahəsində, həmçinin gənclərin Vətənə məhəbbət və sadiqlik ruhunda tərbiyə olunmasındakı xidmətlərinə görə orden və medallarla təltif edilib.

Təltif olunanlar arasında Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı, Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının baş rejissoru, soydaşımız Firudin Səfərov da var. O, “Fədakar xidmətləri üçün” ordeni ilə təltif olunub.

Firudin Səfərov 40 ilə yaxındır ki, bu teatrda çalışır və ötən müddətdə 70-dən çox müasir və klassik operaya quruluş verib. Özbəkistana gəlməzdən əvvəl o, 14 il Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru işləyib. Bakı teatrında dahi Üzeyir Hacıbəylinin “Koroğlu” və “Leyli və Məcnun”, Vasif Adıgözəlovun “Natəvan” və digər operalarını səhnələşdirib.