AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ arxeoloji ekspedisiyası bu ilin yayında Ağcabədi rayonu ərazisindəki Qalatəpə Antik və Orta əsr şəhər yerində tədqiqatları davam etdirib.

İnstitutun Çöl tədqiqatları sektorunun müdiri, Mil-Qarabağ arxeoloji ekspedisiyası Qalatəpə dəstəsinin rəhbəri Təvəkkül Əliyev bildirib ki, Qarqarçayın sağ sahilində, Xocavənd və Salmanbəyli kəndlərinin yaxınlığında yerləşən Qalatəpə Antik və Orta əsr şəhər yerində və onun şərq ətrafındakı qədim nekropolda 2008-ci ildən qazıntı işləri aparılır. Birinci qazıntı sahəsində bəhs olunan dövrə aid tikili qalıqları olan 10 metrə yaxın qalınlığında mədəni təbəqə açılaraq tədqiq edilib. Yaşayış yerində ikinci qazıntı sahəsi hələlik Orta əsr tapıntıları ilə səciyyələnən 9 kvadratdan ibarətdir. Builki araşdırmalarda əsas diqqət həmin kvadratlardan birinin (D1) arxeoloji tədqiqinə yönəldilib. Qazıntılar zamanı burada Orta əsrlərə aid 2.5 metr qalınlığında mədəni təbəqə və bu təbəqədə üç tikinti qatı açılaraq öyrənilib. Birinci üst qat təsərrüfat quyusu, ocaq yerləri, bişmiş kərpicdən tikili qalığı ilə, ikinci qat çaydaşı, bişmiş və çiy kərpicdən inşa olunmuş tikililərin ayrı-ayrı hissələri, üzərinə suvaq çəkilmiş döşəmə, üçüncü qat isə kiçikölçülü, hündürlüyü 70 santimetrə çatan təndir, içərisində çoxlu xırdabuynuzlu heyvan sümükləri, yanmış ağac qırıntıları və kül olan quyudan ibarətdir. Həmin quyunun önündə boz rəngli çaydaşından hazırlanmış, ortasında ağac tutacaq üçün dəlik açılmış kirkirə (dən daşı – əldəyirmanı), üzəri suvaqlı kvadratşəkilli çiy kərpic düzümlərinin olduğu döşəmə də mövcuddur. Maddi tapıntılar arasında daş və saxsı məmulatı nümunələri, tunc sancaq qırığı, şüşə qədəhin oturacaq hissəsi də vardır.

T.Əliyev qeyd edib ki, builki tədqiqatın nəticəsi Qalatəpənin Orta əsr sakinlərinin yaşayış evlərinin quruluşu haqqında aydın təsəvvür əldə etməyə imkan verir. Evlərin inşasında bir qayda olaraq möhrədən (palçıq), çiy və bişmiş kərpiclərdən istifadə olunub. Demək olar ki, bütün evlərdə və ya ayrı-ayrı otaqlarda həm çörək bişirmək, həm də evi qızdırmaq üçün təndirlər olub.

Ekspedisiya rəhbəri vurğulayıb ki, builki tədqiqatlar zamanı Qalatəpədəki arxeoloji qazıntılarla yanaşı, Ağcabədi rayonunun Cəfərbəyli (Sümüklütəpə), Biləğan (Böyüktəpə), Taynaq (Salamattəpə, Su təpəsi, Canavar təpəsi) və digər kəndləri ərazisindəki abidələr haqqında da məlumat toplanıb.