Avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında ilk hüquqi sənədin qəbulunun 30 ili tamam olur. 30 avqust 1991-ci ildə Azərbaycan parlamentinin – Ali Sovetin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul edilib.

Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Parlament, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul edib...

Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi Sovet İttifaqının çöküşü və "soyuq müharibə"nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş verirdi. Nəhəng imperiyanın iflası müttəfiq respublikaların hamısı üçün müstəqil dövlətçiliyin yolunu açmışdı.

Bununla belə, Azərbaycan üçün müstəqilliyə qovuşmaq göydəndüşmə olay deyildi. Azərbaycan xalqı illər uzunu istiqlal ideyasını özündə yaşatmışdı. Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illər bu ideyanın gerçəkləşdiyi qısa, amma tarixi əhəmiyyətli zaman kəsiyi idi.

70 illik sovet rejimi də Azərbaycan xalqının müstəqillik arzularını tükəndirə bilməmişdi. Odur ki, XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, arzusu bariz şəkildə özünü göstərirdi. Üstəlik, bu tarixi proses Azərbaycanın suverenliynə və ərazi bütövlüyünə qəsd olan Dağlıq Qarabağ hadisələri  – Ermənstanın respublikamıza qarşı ərazi iddiaları və hərbi təcavüzünün başlanması fonunda gedirdi...

Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi faktiki olaraq 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici olaylar 1990-1991-ci illərdə cərəyan etdi. 1990-cı ilin Qanlı Yanvar hadisələrindən sonra xalqı ilə bir olmaq, onun azadlıq və suverenlik arzularının gerçəkləşməsində iştirak etmək istəyən Heydər Əliyev Moskvadan Azərbaycana qayıtmışdı. O, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilmişdi.

Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında muxtar respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərarlar qəbul edildi və analoji addımların atılması üçün Azərbaycan Ali Soveti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırıldı.

1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.

Azərbaycanın dövlət müstəqilliyi yolunda konstitusion müstəvidə ilk taleyüklü sınağı 1991-ci il martın 17-də keçirilən və SSRİ-nin saxlanmasına münasibəti öyrənən referendum ola bilərdi. Prezident Ayaz Mütəllibovun komandası isə “bəlkə də qaytardılar” arzusu ilə hələ də sovet rejimində yaşamaq yolunu tutmuşdu.

Heydər Əliyev imperiyanın qorunub saxlamasına çalışan qüvvələrə etirazını bildirdi və 1991-ci il iyulun 19-da Kommunist Partiyası sıralarını tərk edərək Azərbaycanın rəhbərliyini xalqın haqlı tələblərini qulaqardına vurmamağa, Kommunist Partiyasının totalitar idarəçiliyinə son qoymağa çağırdı.

Lakin respublikanın rəhbərliyi nəinki bu çağırışları eşitmədi, üstəlik, 1991-ci ilin 19-21 avqust hadisələrində irticaçı "QKÇP" qiyamını dəstəklədi.

"QKÇP"nin Moskvada iflasından sonra əksər müttəfiq respublikalar dövlət müstəqilliyi barədə müvafiq konstitusion aktlar qəbul etdilər. Dünya birliyi SSRİ-nin yerində meydana gələn yeni müstəqil dövlətləri (ilk olaraq Baltikyanı respublikaları) sırasına qatmağa başlamışdı. Azərbaycanın o vaxtkı rəhbərliyi isə siyasi astagəlliyinə sadiq idi.

Əvəzində Azərbaycan xalqı imperiyanın bərpası cəhdlərinə qəti etirazını nümayiş etdirdi. Respublikanın hər yerində irticaya tərəfdar olan qüvvələrə qarşı mitinqlər başlandı. 1991-ci il avqustun 26-da Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı. Mütəllibov iqtidarı xalqın əzmi qarşısında geri çəkilməli oldu.

Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi. Bəyannamədə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdı.

Ali Sovetin 1991-ci il 30 avqust tarixli iclasında həmçinin "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Konstitusiya Aktı layihəsini iki həftə müddətində hazırlamaq barədə qərar qəbul edildi. Lakin bu proses iki aya yaxın sürdü. Bu müddət ərzində SSRİ-nin əksər müttəfiq respublikaları, o cümlədən qonşu Ermənistan və Gürcüstan, Ukrayna, Moldova, Qırğızıstan, Özbəkistan, Tacikistan dövlət müstəqilliyini rəsmiləşdirmişdi.

Ali Sovetin növbədənkənar sessiyasında Azərbaycanın Milli Ordusunun yaradılması məsələsi gündəmə gəlsə də, respublika rəhbərliyi buna qarşı çıxdı və parlament "Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında" qərarla kifayətləndi. Qərarın icrası isə kağız üzərində qaldı. Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağdakı separatçılıq hərəkatı isə genişlənirdi.

Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Qarabağ məsələsi bu mübarizənin tozanağında faktiki görünməz olmuşdu.

Sentyabrın 2-də separatçılar Dağlıq Qarabağ Muxtar Vilayətinin səlahiyyətini itirmiş “Xalq Deputatları Soveti” adından qondarma "Dağlıq Qarabağ Erməni Respublikası"nın yaradılması barədə "qərar" qəbul edəndə Bakıda "Azadlıq" meydanında Xalq Cəbhəsinin mitinqi gedirdi. Cəbhə Mütəllibovu hakimiyyətdən salmaq üçün ümumrespublika tətili elan etmişdi...

Sentyabrın 14-də artıq tam iflasa uğramış Azərbaycan Kommunist Partiyası 33-cü fövqəladə qurultayını çağıraraq özünü buraxdığını bəyan etdi.

Ali Sovetin oktyabrın 8-də davam edən növbədənkənar sessiyanın gündəliyinə dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu məsələsi salınsa da, dördgünlük müzakirələr nəticəsində parlament bu məsələni bir həftə sonraya saxladı.

Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu.

Qarşıda müstəqilliyin çətin illəri vardı...

Vüqar ORXAN