Biz bir daha dünyaya göstərdik ki, Şuşa Azərbaycan şəhəridir, Azərbaycan mədəniyyətinin paytaxtıdır. Bu şəhərdə olan abidələr xalqımıza məxsusdur və biz o abidələrə sahib çıxıb onları bərpa edirik.

Avqustun 30-da Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak edən mədəniyyət naziri Anar Kərimov bu sözləri jurnalistlərə müsahibəsində söyləyib.

Nazir qeyd edib ki, Şuşada Vaqifin məqbərəsi ulu öndərin təşəbbüsü ilə inşa edilib və 1982-ci il yanvarın 14-də onun iştirakı ilə abidənin açılışı olub. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edilib.

“Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək bu abidənin yenidən bərpa edilməsinə göstəriş verib. Çox şadam ki, bu tarixi günün şahidiyəm. Əminik ki, biz bundan sonra Şuşamızı və Qarabağımızı inkişaf etdirəcəyik”, - deyə nazir Anar Kərimov bildirib.