Görkəmli bəstəkar Ramiz Mustafayevin “Vaqif” operası tamaşasının videoyazısı elektron formata köçürülərək flaşkartı hazırlanıb. Opera tamaşası həmçinin internetdəki musiqi platformalarında yayılacaq.

Operada baş rolu ifa edən Əməkdar artist Ramil Qasımovun sözlərinə görə, bu il Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı  elan edilməsi hər bir incəsənət  xadimində böyük ruh yüksəkliyi yaradıb. Bu günlərdə ölkə rəhbərliyinin iştirakı ilə Şuşada böyük şair Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurmadan sonra açılışının keçirilməsi bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verilən dəyərdir.

Pandemiya şəraiti nəzərə alınaraq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı truppasının iştirakı ilə dirijor Əyyub Quliyevin rəhbərliyi altında ərsəyə gəlmiş “Vaqif” operasının tamaşası müasir texniki avadanlıqla sənətsevərlərə təqdim edilir. Ramil Qasımov həmçinin qeyd edib ki, “Vaqif” operasının bütün musiqi platformalarında yayılması ümumilikdə klassik musiqimizin dünyada təbliğinə töhfə olacaq. Opera tamaşasının flaşkart şəklində təqdimat mərasiminin pandemiyadan sonra keçirilməsi nəzərdə tutulur.