Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “MEDİA könüllüləri” proqramına başlayır.

Agentlikdən bildirilib ki, proqram “Könüllü fəaliyyət haqqında” qanuna və Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən həyata keçirilir.

“Media könüllüləri” proqramının məqsədi media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün Medianın İnkişafı Agentliyi və müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramları, təlimlər və layihələrdə iştirakı nəzərdə tutulur. Proqram medianın inkişafının gənclər tərəfindən təşəbbüs edilən müxtəlif layihələrlə dəstəklənməsini, gənclərin bu sahədə maarifləndirilməsini təmin edəcək.

Media könüllüsü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunub: sahə üzrə təhsil; intizamlılıq; təşkilatçılıq; kollektivdə işləmək bacarığı; operativlik; kompüter bacarığı; təşəbbüskarlıq.

“MEDİA könüllüləri” proqramı 2 ay müddətində davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş könüllülərə proqramın sonunda sertifikatlar veriləcək.

Müraciət üçün son qeydiyyat tarixi 5 sentyabrdır. Media könüllüsü olmaq istəyən 18-29 yaşlı gənclər https://media.gov.az/volunteer linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Əlavə suallar üçün: Volunteers@media.gov.az