31 avqustda son səhifəni çevirdik

 

Düz 27 il – 1993-cü ildən 2020-ci ilədək 31 avqust bizim üçün qara haşiyə içində bir gün idi. Həmin gün Qubadlının işğalının ildönümünü qeyd edir, o günü ağrı-acı ilə, yurd yerimizin həsrəti ilə yaşayıb təqvimin səhifəsini köks ötürərək çevirirdik.

Düşmən Vətən torpaqlarını zəbt etdiyi kimi, təqvimimizin günlərini də işğal etmişdi. Demək olar ki, hər ayda bir, bəzi aylarda hətta iki işğal günü vardı. Avqust belə ayların ən ağırı idi. 23 avqustda Cəbrayılı, Füzulini, 31 avqustda Qubadlını yada salırdıq...

2020-ci ilin 27 sentyabrında Vətən torpaqlarının azad edilməsi uğrunda başlanan haqq savaşı tarixin bu ağır gedişatını, fələyin bizə yalnız nisgil gətirən çarxını durdurdu. Yurd yerlərimizlə bərabər təqvimimizin işğal altındakı günləri də azad olundu. İlk olaraq hələ müharibənin qızğın çağında 29 oktyabr Zəngilanın işğal günü kimi anılmaqdan qurtuldu. Sonra o biri ayların o biri günləri...

Artıq təqvimimiz işğaldan qurtulub, köks ötürərək çevirdiyimiz qara haşiyəli günlər aydınlığa çıxıb. İşğaldan azad təqvimdə Qubadlının da öz günü var – 25 oktyabr 2020-ci il...

Vüqar ORXAN