Özbəkistan Respublikasının ölkəmizdəki səfiri Bahrom Aşrafxanov Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.

Rektor İlham Mədətov ilə görüşdə universitetin fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələr və digər məsələlər müzakirə olunub.

Bahrom Aşrafxanov 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbəni, o cümlədən müharibədən sonra görülən quruculuq işlərini və ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən proqramların əhəmiyyətini yüksək dəyərləndirib.

Görüşdə hər iki ölkənin turizm potensialı və turizm təhsili üzrə mümkün əməkdaşlıq imkanlarının genişləndirilməsi istəyi ifadə olunub. Rektor Özbəkistanda fəaliyyət göstərən turizm iaşə obyektlərində ATMU tələbələri üçün istehsalat təcrübələrinin təşkil edilməsində maraqlı olduqlarını söyləyib.

Qeyd edək ki, 2019-cu ildən ATMU ilə Özbəkistan Respublikasının Beynəlxalq İpək Yolu Universiteti, 2020-ci ildən isə Dövlət İqtisadiyyat Universiteti arasında əməkdaşlıq əlaqələri yaranıb. Özbəkistan Respublikasının Dövlət İqtisadiyyat Universiteti ilə səmərəli əməkdaşlıq sayəsində Dövlət Turizm Agentliyinin nümayəndələri tərəfindən özbək tələbələr üçün ustad dərsləri də təşkil edilib.