Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar:

Unudulmaz ulu öndərin ucaltdığı və vandalların uçurduğu bu Vaqif məqbərəsi bu gün əvvəlki əzəməti ilə dirçəlib. Buna, Vaqif Poeziya Günlərinin bərpasına, cənab Prezident və Mehriban xanımın şəxsən bu tədbirdə iştirak etdiyinə görə mən bütün Azərbaycan yazıçıları adından dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Vaqif Azərbaycan poeziyasında nadir yeri olan şairdir. O, bizim xalq şerini, qoşmaları, gəraylıları, heca vəznində yazılan şeirləri əruz vəznində yazılan dram ədəbiyyatı ilə birləşdirən, vəhdətdə təqdim edən, Azərbaycan ədəbiyyatında yeni bir səhifə açan şair idi. Onun dostu Vidadi bədbin şeirlər yazırdısa, bədbinliyi təbliğ edirdisə, Vaqif “Toy-bayramdır bu dünyanın əzabı” deyirdi. Amma keşməkeşli həyatının axırıncı illərində, faciəvi illərində o da “Mən cahan mülkündə, mütləq, doğru halət görmədim, hər nə gördüm əyri gördüm, özgə babət görmədim” deyirdi.

Bu gün mənim ürəyim doludur, çox şey deyə bilərəm, amma qısa danışacağam. Mən 2010-cu ildə bir mərasimdə çıxış edəndə, - cənab Prezident də iştirak edirdi orada, - dedim ki, mənim 72 yaşım var, amma söz verirəm ki, Sizinlə bir yerdə Şuşaya gedəcəyik və bu, baş verdi. Mən Allaha təşəkkür edirəm, taleyimə minnətdaram. Cənab Prezidentə minnətdaram, bizim müzəffər Ordumuza minnətdaram. Siz bizə, Azərbaycan xalqına onun milli qürurunu qaytardınız. Bizim hamının qarşısında alnımız açıq, başımız dikdir ki, öz torpaqlarımızı qaytardıq.

Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır! Azərbaycan əbədidir! Biz buraya Zəfər yolu ilə gəldik. Bu yolun əvvəli var, amma sonu yoxdur. Bu yol uzandıqca uzanacaq. Bu Zəfər yolu Azərbaycanın hərbi gücünün yoludur, siyasi gücünün yoludur, iqtisadi gücünün yoludur və möhtəşəm Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının Zəfər yoludur!

 

Xalq yazıçısı Elçin:

Bu, mənim azad Şuşaya ilk səfərimdir və bunu mən öz şəxsi həyatımda tarixi bir hadisə hesab edirəm. Mən bilirdim ki, Şuşa haçansa mütləq azad olunacaq. Çünki başqa cür mümkün deyildi. Ancaq mən özümün həmin gözəl günü görəcəyimə inanmırdım. Nə üçün inanmırdım? Çünki dünyanı ikili siyasi standartlar idarə edir və hörmətli cənab Prezident bu güclü və qoluzorlu ikili standartlar dünyasında ortaya son dərəcə cəsarətli və cəsarətli olduğu qədər də qətiyyətli, prinsipial iradə qoydu. Qəsbkar Şuşadan qovuldu və Şuşa azad oldu. Ancaq yalnız qəsbkar deyil, bu ikili standartlar da məğlub oldu.

Mən tam əminəm, Şuşa bundan sonra daha da gözəlləşəcək, inkişaf edəcək, Şuşa daha artıq eşqlə böyük sənətkarlar, böyük vətəndaşlar yetişdirəcək. Azərbaycanın gələcək tarix kitablarında, salnamələrdə Prezident İlham Əliyevin adı həmişə azad Şuşa ilə, azad Qarabağ ilə yanaşı yazılacaq.

Mənim təsəvvürümdə Şuşa canlı bir orqanizmdir. Biz 30 il Şuşa ağrısı ilə yaşadıq. Ancaq bu 30 ildə Şuşanın özü də həsrət və ağrı içərisində idi. Bu canlı orqanizm doğma xalqının yolunu gözləyirdi. Nəhayət ki, Şuşa bu həsrət əsarətindən, bu ağrıdan xilas oldu. 44 günlük azadlıq savaşında Ali Baş Komandan da, generallar da, zabitlər də sıravi Azərbaycan əsgəri idilər. Ali Baş Komandan həm də bu 44 gündə Azərbaycan xalqının, ədalətin və prinsipiallığın tribunu idi. Bu tribunun səsi dünyaya da yayılırdı, hər bir azərbaycanlının ürəyinə də yayılırdı. Bu gün bizim hamımız, bütün Azərbaycan xalqının sevinci, fərəh hissi və qüruru, eyni zamanda Şuşanın özünün də sevincidir, Şuşanın da qürurudur.

Əziz dostlar, mən 40 il bundan əvvəl də burada keçirilən bu unudulmaz Vaqif poeziya bayramının iştirakçısı olmuşam. Bu gün mənim içimdəki Zəfər sevinci, fərəh və qürur hissi ilə bərabər, güclü bir təəssüf də var. Mən olduqca çox təəssüf edirəm ki, ulu öndər Heydər Əliyev bu günü görmədi, bütün varlığı ilə Şuşa sevincini yaşamadı. Ürəyi Şuşa ağrısı ilə sızlayan bir çox yazıçı və şairlər də, bir çox qarabağlı insanlar, o cümlədən İlyas Əfəndiyev də bu sevinci yaşaya bilmədilər. 44 günlük Zəfər real sevinci, real fərəhi, real qüruru ilə bərabər, mənim içimdə mistik bir reallıq da yaradıb. Mən inanıram, qətiyyən şübhə etmirəm ki, ulu öndər də, bu gün burada yeri görünən o yazıçı və şairlər də elə bu dəm yuxarıdan bizə baxırlar və hər şeyi görürlər. Şuşa sevinci, Qarabağ sevinci o ali məqamda onlarla bir yerdədir.

 

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov:

Şuşada Molla Pənah Vaqifin məqbərəsi bizə tarixən qürur verən çox mətləbləri özündə yaşadır. Məqbərə vaxtilə olduğu kimi, bundan sonra da Şuşanın rəmzlərindən biri olacaq. Həm də bu abidənin Şuşanın azadlığının rəmzi olacaq.

Biz Şuşaya Zəfər yolu ilə gəldik. Bu, bizim hərbi Qələbəmizin nəticəsidir. Bu Qələbənin arxasınca iqtisadi qələbələr gəlir. Təbii ki, mənəvi, ruhi qələbələrdən, milli şüurdan kənarda bu qələbələr də olmaz. Bütün dünya görür ki, Azərbaycan xalqı hansı mədəniyyətin sahibidir. Azərbaycan xalqı əlinə imkan düşən kimi tikir, qurur, yaradır. Bu gün görülən işlər ümumi böyük işin, böyük Zəfərin tərkib hissəsidir, onun mükəmməlləşməsidir, həmişə də belə davam edəcək.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi:

– Bir il əvvəl bizə desəydilər ki, gələn il Şuşada Vaqif Poeziya Günləri keçiriləcək, yəqin inanmazdıq. Zaman dəyişdi, bizə yuxu kimi görünən bu arzu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə reallaşdı.

Çox unudulmaz bir gündür. Burada iştirak edən hər bir insanın həyatına, yaddaşına qızıl hərflərlə yazılan bir gündür. Vaqifin bir şeiri düşdü yadıma. Deyir:

“Məkan tutdisə Vaqif, yоx əcəb, bu Şişə dağında,
Məqami ləli-gülrəngin miyani-səngi-xaradır”.

Vaqif deyir bu Şuşa dağında məskən tutdusa, burada qeyri-adi heç nə yoxdur. Çünki ən qiymətli, gözəl incilərin, gözəl daşların məqamı hara olur? Dağların, daşların arası olur. Bu gün bizim bu Şuşa şəhərimiz də sanki Vaqiflə bərabər həmin o dağların, daşların qoynunda məkan tutan Azərbaycanın ən qiymətli, ən gözəl bir incisidir və bu incini bizə qaytardığına görə həm Ali Baş Komandanımıza, həm müzəffər Ordumuza bütün yazarlar adından təşəkkür edirəm.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva:

– Şuşada Vaqif Poeziya Günlərinin bərpası dünyadakı bütün azərbaycanlılar üçün möhtəşəm hadisədir. Torpaqlarımızın işğaldan azad edilməsindən çox qısa zaman keçib. Lakin Şuşada bu möhtəşəm quruculuq, abadlıq işlərini görmək insana başqa bir güc verir. Eyni zamanda bütün dünyaya göstəririk ki, böyük mədəniyyət abidələrini, tarixi abidələri dağıtmaq, məhv etmək ermənilərin xislətidir. Azərbaycan xalqının məqsədi isə hər zaman qurmaq, yaratmaq, inkişaf etdirməkdir.

Vaqifin məqbərəsi əvvəlki əzəməti ilə ucalır. Eləcə də güllələnmiş abidələr öz yerinə qaytarıldı. Düşünürəm ki, Üzeyir bəyin, Xurşudbanu Natəvanın, Bülbülün ruhu şaddır. Çox qısa zamanda digər tarix-mədəniyyət abidələri də bərpa olunacaq. Şuşa şəhəri mədəniyyət paytaxtımız kimi bütün dünyaya öz şöhrətini daha yüksək səviyyədə təqdim edəcək”.

 

BMA-nın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli:

– Mən xoşbəxtəm, çünki 1982-ci ildə atamla Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişəm. Həmin açılışda ulu öndər Heydər Əliyevlə birlikdə maestro Niyazi, Qəmər Almaszadə, Süleyman Rüstəm və digər ziyalılarımız da olub.

O zaman mən və Polad Bülbüloğlu cavan idik. Biz tarixi hadisənin şahidi olduq. Lakin 1992-ci ildə biz Şuşanı itirdik. Sağalmayan yara 2020-ci il noyabrın 8-dək öz işini görürdü. Ümidimizi yavaş-yavaş itirirdik. Amma 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə igid əsgərlərimiz bu Qələbəni bizə bəxş etdilər. Bu gün hansı xarici ölkəyə getsək, qalib xalqın nümayəndəsi kimi gedəcəyik.

Xoşbəxtəm ki, bu gün tədbirdə iştirak edirəm. Xoşbəxtəm ki, mayın 13-də “Xarıbülbül” festivalında iştirak etmişəm. Şuşa hər bir azərbaycanlı üçün unikal bir şəhərdir. Bütün şəhərlər bizim üçün doğmadır, Naxçıvan da, Kəlbəcər də, Tərtər də, Zəngilan da. Amma Şuşa özlüyündə nadirdir və onun öz yeri var. Ziyalılarla birlikdə bu gözəl tədbirdə iştirak etmək mənim üçün böyük bir şərəfdir.