Gəncə şəhərində “Gəncəsənət” – incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası təşkil olunub. Tədbir Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Gəncə İctimai İştirakc­̧ılıq Məclisi, Gəncə Destinasiya Menecmenti Təşkilatının birgə təşkilatc­̧ılıg­̆ı, “Cavad xan” Tarix və Mədəniyyət Fondu, “Sahibkar Qadınlar” və “Gəncə Maarif Evi” ictimai birliklərinin tərəfdaşlığı, Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə 19-20 sentyabrda gerçəkləşib.

Tədbirin məqsədi Gəncədə və ətraf bölgələrdə mövcud olmuş, unudulmaqda olan bir sıra sənət ənənələrinin dirc­̧əldilməsi, habelə alıcılarla sənətkarlar arasında körpü salınması, yaradıcı insanların əməkdaşlığının qurulması və mədəni həyatın canlandırılmasıdır.

Gəncə Dövlət Filarmoniyasının yaxınlığındakı Urban Mərkəzində keçirilən açılış mərasimində şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev, millət vəkilləri Müşfiq Cəfərov və Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, “Cavad xan” fondunun birinci vitse-prezidenti Müzadil Həsənov, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dövlət himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda qeyd edilib ki, Gəncə tarixən mədəniyyət beşiyi hesab olunub. Burada hələ qədim dövrlərdən xeyli sayda sənətkarlar fəaliyyət göstərib, müxtəlif sənətkarlıq və incəsənət növləri inkişaf edib. Hazırda Gəncə şəhəri və ümumilikdə qərb regionunda incəsənət və sənətkarlıq nümunələrinin satış-sərgi məkanının olmaması bu sahəyə olan marağın azalmasına gətirib çıxarıb. Buna görə də tədbirin gələcəkdə mütəmadi şəkildə keçirilməsi planlaşdırılır.

Gəncə Dövlət Dram Teatrının qocaman səhnə ustası, Xalq artisti Alim Məmmədov Nizami Gəncəvinin obrazında tədbir iştirakçılarını salamlayaraq dahi mütəfəkkirin hikmətli fikirlərini təqdim edib.

Daha sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının muğam üçlüyü (bədii rəhbər – Əməkdar artist Elçin Elçiyev) və Gəncə Dövlət Kamera Orkestri kvartetinin (dirijor – Xalq artisti Rafael Bayramov) ifasında musiqi nömrələri səsləndirilib.

Yarmarkada Gəncə şəhəri, Qəbələ, Tovuz, Şəmkir rayonlarında yas­̧ayan 70-dən çox sənətkar və həvəskar yaradıcı şəxsin müxtəlif rəngkarlıq örnəkləri, əl işləri, həmçinin Gəncənin mətbəx nümunələri təqdim olunub.

NURƏDDİN