Tanınmış telejurnalist Fəxrəddin Hacıbəyli Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub. Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Fəxrəddin Hacıbəyli bildirib ki, artıq muzeyin direktoru kimi fəaliyyətə başlayıb.

Qeyd edək ki, avqustun 29-da Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Böyük vokalçı bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib. Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında 1982-ci ildə Bülbülün doğulduğu evin muzeyə çevrilməsi barədə qərar qəbul edilib. Ev-muzeyi 1992-ci ildə Şuşanın işğalından sonra ermənilər tərəfindən dağıdılıb.

2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı ev-muzeyində olan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təmir-bərpa İşləri aparılıb. Muzey Bülbülün oğlu, Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar Polad Bülbüloğlunun vəsaiti hesabına bərpa edilib.

Bərpa zamanı evin divarlarında daş üzərində yonulmuş yazılarda onun tikilmə tarixinin qeyd edildiyi aşkarlanıb. Daş yazıda binanın 1788-ci ildə inşa olunduğu qeyd edilib. Ev-muzeyinin həyəti əvvəlki görkəmini saxlamaqla bərpa olunub. Muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Eyni zamanda burada vaxtilə olan və erməni vandalizminə məruz qalan büstü də saxlanılır.

Muzeydə Bülbülə aid olan eksponatlar, əşyalar, sənədlər toplanıb. Burada quraşdırılan monitorda görkəmli musiqiçinin ifa etdiyi əsərlər, onunla bağlı audio və videoyazılar, məlumatlar 7 dildə nümayiş olunur.