Dünya şöhrətli fotoreportyor Reza Deqati (Rza Diqqəti) Azərbaycan Mətbuat Şurasının fəxri diplomu ilə təltif olunub. Bununla bağlı sentyabrın 23-də Mətbuat Şurasında R.Deqati ilə görüş keçirilib.

Şura sədri Əflatun Amaşov qonağa rəhbərlik etdiyi qurumla bağlı məlumat verib, Qarabağ məsələsi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, 2020-ci ilin İkinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin, Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında medianın, xüsusilə fotoreportyorların rolundan söz açıb.

Bildirib ki, Azərbaycan zaman-zaman dünyanın ikili standartlar siyasətindən əziyyət çəkib. Bu baxımdan 44 günlük müharibədə baş verənlərin olduğu kimi çatdırması xüsusi önəm daşıyırdı. Ə.Amaşov R.Deqatinin İkinci Qarabağ müharibəsi dönəmindəki fəaliyyətindən söz açaraq bu işi böyük fədakarlıq kimi dəyərləndirib. O, Mətbuat Şurasının fəxri diplomunu qonağa təqdim edib.

R.Deqati bildirib ki, ermənilər işğal altında saxladıqları Qarabağın mədəniyyətinə böyük zərər vurublar, ekoloji terror həyata keçiriblər, qəbiristanlıqlarda vəhşiliklər törədiblər, şəhərləri, kəndləri viran qoyublar. Səfərdən məqsəd bunları çəkmək və dünya ictimaiyyətinə çatdırmaqdır. O, Azərbaycanda hər zaman böyük diqqətlə qarşılandığını deyib və bu amilin onu yaradıcılıq üçün daha da həvəsləndirdiyini dilə gətirib. R.Deqati əməyinə verilən qiymətə görə Azərbaycan Mətbuat Şurasına təşəkkürünü bildirib.