Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

Könlündə lovğalığa deyil, hünərə ver yol,
Hər zaman, harda olsan – hünərin ovçusu ol.

(“Sirlər xəzinəsi”)

 

Oğrunun əlində olsa yüz dəhrə,
Bir qışqırsan qorxub yıxılar yerə.

(“Xosrov və Şirin”)

 

Əlini vurmasa oda bir nəfər,
Odun istisini necə hiss edər?

(“Leyli və Məcnun”)

 

Hər halda sən çalış, həyat əməkdir,
Cənnət kahıllığı nəyə gərəkdir?
Kim qayğı bəsləsə öz əməyinə,
Özgəyə pis baxsa, o pisdir yenə.

(“Yeddi gözəl”)

 

O qədər xəbərsiz yatma hər zaman
Ki, birdən sel gəlib aşar başından.

(“İsgəndərnamə” – “İqbalnamə”)

 

Aslanın böyrünə əl çəkmək üçün
Üstün olmalıdır aslana gücün.

(“İsgəndərnamə” – “Şərəfnamə”)