6 –10 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgisi müəllif və oxucuların ünsiyyətinə də geniş imkan yaratdı. Belə görüşlərdən biri də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının stendində gerçəkləşib.

Sərginin ikinci günü – oktyabrın 7-də kitabxananın stendi önündə Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış detektiv yazar Elxan Elatlı ilə görüş keçirilib.

Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva oxucuların Elxan Elatlının yaradıcılığına maraq göstərməsindən danışıb.

Yazıçı “Qan ləkəsi”, “Yeddinci mərtəbədə qətl”, “Ən yaxın planet”, “Xəyanət”, “İtmiş qızın axtarışı”, “Pəncərədə görünən kölgə”, “Dilənçi qadının sirri” və başqa əsərləri haqqında məlumat verib. Müəllif daha sonra iştirakçıların suallarını cavablandırıb, yaxın aylarda çapdan çıxacaq yeni romanı ilə oxucularını sevindirəcəyini bildirib.