VII Bakı Beynəlxalq Kitab Sərgisi bir sıra maraqlı nəşr və layihələrin təqdimatı ilə yadda qaldı. Oktyabrın 8-də sərgi çərçivəsində Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi. Biblioqrafiya” kitabının və “Sözləri Nizaminindir” CD albomun təqdimatı keçirilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək paytaxtımızın ənənəvi olaraq ev sahibliyi etdiyi kitab bayramının bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmasını əlamətdar hadisə kimi səciyyələndirib. Qeyd olunub ki, bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, dünya mədəniyyətinin və xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Şair dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş edib.

Direktor vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxana “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Nizami Gəncəvi. Biblioqrafiya” kitabını və “Sözləri Nizaminindir” CD albomunu hazırlayıb. Bu nəşrlər “Nizami ili”nə və böyük şairin tədqiqatçılarına Milli Kitabxananın töhfəsidir.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli Nizami Gəncəviyə həsr olunan kitab sərgisində belə nəşrlərin təqdimatının əhəmiyyətini qeyd edib. Deyib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan kitab və CD albom tədqiqatçılar üçün faydalı mənbə olacaq.

AMEA-nın Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov vurğulayıb ki, “Nizami Gəncəvi. Biblioqrafiya” kitabı nizamişünaslara, tədqiqatçı alimlərə hədiyyədir.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və yayımlar baş idarəsinin müdir müavini Taner Beyoğlu bu il Azərbaycanda Nizami Gəncəvinin anadan olmasının 880 illik münasibətilə “Nizami Gəncəvi İli”, Türkiyədə isə Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Yunus Əmrə İli” elan olunmasını Türk dünyası adına mühüm hadisə kimi xarakterizə edib: “Hər iki şair Türk dünyasının görkəmli şəxslərindəndir. XII əsrdə yaşamış Nizami, XIII əsrdə yaşamış Yunus Əmrə yaradıcılığında ortaq cəhətlər var. Hər iki şairin yaradıcılığında Tanrıya dərin məhəbbət, insan sevgisi, eləcə də kamil insan mövzusu mühüm əhəmiyyət kəsb edir”.

Daha sonra Milli Kitabxananın dəvəti ilə beynəlxalq sərgiyə qatılan Rusiya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan və Gürcüstan milli kitabxanalarının rəhbərləri çıxış ediblər. Bolqarıstan Milli Kitabxanasının direktoru Krasimira Aleksandrova direktor Kərim Tahirova öz nəşrlərini elektron formatda hədiyyə edib.

Sonda qonaqlarla xatirə şəkli çəkdirilib.