Kitab sərgisində xalça təqdimatı da oldu

 

Nizami Gəncəvinin 880 illiyinə həsr edilən VII Bakı Beynəlxalq Kitab Sərgisi yalnız kitab, kitabxana və nəşriyyat işi ilə bağlı təqdimatlarla yadda qalmadı. Oktyabrın 9-da sərgi çərçivəsində Bakı Expo Mərkəzində Əməkdar rəssam Taryer Bəşirovun müəllifi olduğu “Bəhram Gur və Dürsəti” xalçasının təqdimatı keçirildi.

Azərbaycan Milli Xalça Muzeyinin baş rəssamı Taryer Bəşirov tədbir iştirakçılarını salamlayaraq xalça haqqında ətraflı məlumat verdi. Bildirdi ki, xalça dahi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr olunub. Xalça əsərin müxtəlif süjetləri əsasında qurulub. Ara sahənin mərkəzində tağlı otaqda Bəhram Gur və yeddinci sarayın gözəli Dürsəti təsvir edilib. Sarayın ətrafında isə Dürsəti tərəfindən nəql edilən hekayədən fraqmentlər verilib.

Rəssam dedi ki, xalçanın daha bir maraqlı məqamı Bəhram Gur və Dürsətinin əyləşdiyi saray otağının divarında muzeyin zərgərlik kolleksiyasına daxil olan “Dürsəti” adlanan sırğanın təsvirinin verilməsidir: “Adətən bu poemaya aid ədəbi süjetlərdən fərqli olaraq gözəllərin danışdığı hekayələr təsviri sənətdə az işlənilib. Mən həmin hekayətdən əsas mövzunu açan fraqmentləri xalçanın kompozisiyasına daxil etmişəm. Xalçanın haşiyə zolağı da nəbati elementlərlə işlənərək zəngin ornamental tərtibata malikdir”.

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırıldı.

Qeyd edək ki, “Nizami Gəncəvi İli” ilə əlaqədar muzeyin Ənənəvi texnologiya şöbəsində ərsəyə gələn “Bəhram Gur və Dürsəti” xalçasının toxucuları Əminə Əliyeva və Təranə Qasımovadır.

N.MƏMMƏDLİ