Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının “Tarix yazan igidlərimiz” layihəsi davam edir.

Layihə çərçivəsində növbəti material 44 günlük Vətən müharibəsində şəhid olmuş kiçik çavuş Emin Tahir oğlu İsmayılova həsr edilib. Şəhidin ailəsi tərəfindən kitabxanaya verilən məlumatlar əsasında onun əziz xatirəsini yad etmək məqsədilə videoçarx hazırlanıb. Videomaterialda qəhrəmanın həyat yolu və şücaəti haqqında məlumatlar əks olunur. Həmin məlumatlar şəhidin uşaqlıqdan müharibə dövrünə kimi olan fotolarının müşayiəti ilə verilir.

Emin İsmayılov 2001-ci il mayın 12-də paytaxtın Nəsimi rayonunda anadan olub. Əslən Cəbrayıl rayonundan olan Emin 54 nömrəli tam orta məktəbdə təhsil alıb. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

Emin İsmayılov 2020-ci il oktyabrın 6-da Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub, İkinci Şəhidlər xiyabanında dəfn edilib. O, ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.