Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında 20-23 oktyabr tarixlərində bu ölkənin Qaraqalpaqstan Muxtar Respublikası və Xarəzm vilayətində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçiriləcək.

Layihəyə Azərbaycan və Özbəkistanın Mədəniyyət nazirlikləri, Azərbaycanın Özbəkistandakı Səfirliyi, habelə Qaraqalpaqstan və Xarəzmin yerli rəhbərliyi dəstək göstərir.

“Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin rəsmi açılış mərasimi Nukus şəhərində Berdaq adına Qaraqalpaq Dövlət Musiqili Teatrında olacaq. Tədbirlərin davamı olaraq Acıniyoz adına Nukus Dövlət Universitetində Hüseyn Cavid adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzinin açılışı nəzərdə tutulub.

Xarəzm vilayətinin Xivə və Urgənc şəhərlərində də tədbirlərin keçirilməsi planlaşdırılır. Urgənç Dövlət Musiqi və Dram Teatrında Azərbaycan-Özbəkistan dostluq konserti təşkil olunacaq. Konsertdə Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan aşıqları və Daşkənddəki AMM-in “Azərbaycan qızları” rəqs ansamblının çıxışları nəzərdə tutulub.

Tədbirlər zamanı hər iki regionun kitabxanalarına Azərbaycana dair zəngin kitab kolleksiyaları hədiyyə olunacaq.

“Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın dost ölkəyə səfər xatirələrinə dair “Addım-addım Özbəkistan” kitabının təqdimatı da keçiriləcək.