Xəbər verdiyimiz kimi, oktyabrın 15-dən Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı keçirilir.

Festivalın 17 oktyabr tarixindəki proqramı da rəngarəng olub. Beynəlxalq Muğam Mərkəzində  (BMM) Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə birgə “Bizi də tanıyın” adlı konsert proqramı təqdim olunub. Proqramda paytaxtın musiqi məktəbləri şagirdlərinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Həmin gün BMM-də festivalın “Nizami Gəncəvi İli”nə həsr olunan konserti gerçəkləşib. “Nizaminin sözlərinə yazılmış romansalar” adlı konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertdə Xalq artisti Gülnaz İsmayılova “Necədir” (Pikə Axundova), Emin İsmayılov “Tez gəl” (Saleh Nəzərov), Bəsti Qasımova “Könlüm” (Ağabacı Rzayeva), Fəxri Kazım-Nicat “Sənsiz” (Üzeyir Hacıbəyli) və Turan Səfərli “Səninlədir” (Sevda İbrahimova) romanslarını ifa ediblər.

II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı zəngin proqramla oktyabrın 20-dək davam edəcək. Festivalın təntənəli bağlanış mərasimi Heydər Əliyev Sarayında keçiriləcək.

Lalə AZƏRİ