İşğaldan azad edilmiş Ağdamda Xalq rəssamı Arif Hüseynovun “Ağdama ithaf” üçlüyünün təqdimatı olub. Oktyabrın 16-da keçirilən tədbir Ağdam Rayon İcra Hakimiyyəti, Ağcabədi Regional Mədəniyyət İdarəsi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi və ARİ-nin üzvləri Elnurə və Aygün İsgəndərovaların kuratorluğu ilə gerçəkləşib.

Ağdam Dövlət Dram Teatrı binasının qalıqları qarşısında keçirilən təqdimat mərasimində Xalq rəssamının “Ağdam Cümə məscidində azan səsi”, “Ağdam teatrının məhvi” və “Şahbulaq qalası” adlı əsərləri nümayiş olunub.

Tədbirdə çıxış edən rəssam əsərlər barədə məlumat verib. Bildirib ki, onun bu günlərdə tamamladığı “Ağdama ithaf” üçlüyü işğaldan azad olunmuş Qarabağa səfəri ilə bağlı təəssüratının yeni bədii ifadəsidir. Triptixin başlıca ideyasını xeyir və şər qüvvələrin mübarizəsi, erməni xislətinin ifşası təşkil edir. Triptixin mərkəzi hissəsi Ağdam teatrının acı taleyinə həsr olunub. Teatr binasının üçtağlı fasadının qarşısından səhnəyə uzanan pillələrin ətrafında şər qüvvələrin “Leyli və Məcnun”, “Don Kixot” və “Otello” tamaşalarındakı obrazlara həmləsinə təsirli bədii görkəm verilib. Triptixin sağ hissəsində Pənahəli xan və döyüşçüləri, eləcə də onun inşa etdirdiyi Şahbulaq qalası təsvir olunub. Sol hissədəki əsərdə də digər iki əsərdə olduğu kimi obrazlı rəmzi ifadələrdən istifadə edilib. İşğaldan azad olunmuş dini məkandan ucalan azan səsinə hay verən rəmzi şəhid əlləri və yüksəlişi hər birimizə qürur bəxş edən məscid minarələri bir araya gətirilməklə Zəfərimizin davamlı olacağına böyük inam duyulur.

Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və sərginin kuratorları Elnurə və Aygün İsgəndərovalar çıxışlarında Ağdam teatrının qarşısında belə bir tədbirin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonra tədbir iştirakçıları rəsm əsərləri ilə yaxından tanış olublar.