Müharibənin 22-ci günü – 44 günlük haqq savaşının tən yarısı əlamətdar tarixə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümünə təsadüf etdi. Həmin gün rəşadətli hərbçilərimiz ulu tariximizin yaddaşı – 27 ildən sonra düşmənin ayağının kəsildiyi Xudafərin körpüsünün üzərində bayrağımızı ucaldıblar.

  • “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar” – Prezident İlham Əliyev bunu özünün rəsmi “Twitter” səhifəsində bildirib.

  • Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində 2 ədəd S-300 ZRK, 3 ədəd BM-21 “Qrad” YARS qurğusu, 2 ədəd “Smerç” yaylım atəşli raket sistemi, beşdən çox tank, bir neçə haubitsa və zenit topları, o cümlədən avtomobil texnikaları və xeyli sayda canlı qüvvəsi məhv edilib. Füzuli ərazisində düşmənin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib. Ermənistan ordusunun Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl istiqamətində hücuma keçmək cəhdləri Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə dəf edilib və düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

  • Saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Ermənistan silahlı qüvvələrinin “Su-25” hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

  • Bir gün öncə işğaldan azad olunan Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb.

  • Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə yerləşdirdiyi xüsusi təyinatlıların Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmasını əks etdirən videogörüntüləri paylaşıb.

  • Fövqəladə Hallar Nazirliyi düşmənin oktyabrın 17-də gecə Gəncə şəhərinə raket zərbələri nəticəsində dağılan binada axtarış-xilasetmə işlərinin yekunları barədə məlumat yayıb. Məlumata görə, dağıntılar altından xəsarət almış 53 nəfər və 13 cəsəd çıxarılıb.

  • Müdafiə Nazirliyi Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin döyüş meydanında atıb qaçdığı hərbi texnika və silah-sursatın foto və videogörüntülərini paylaşıb. Saat 13:00-da Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib.

  • Cəbhə bölgəsindən yüz kilometrlərlə aralıda yerləşən Xızı rayonuna atılan raket Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilib.