“Füzuli nəzarətimizə keçəndən sonra Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı...”

 

Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi. Bu torpaqları görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Bu, xalqımızın böyüklüyünü bir daha göstərir.

Prezident İlham Əliyev bu sözləri oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı Vətən müharibəsində Qələbəni şərtləndirən amillərdən danışarkən bildirib.

“Biz həmişə bir arzu ilə, bir fikirlə yaşamışdıq ki, gün gələcək, ədaləti bərpa edəcəyik, xalqımızın üstündən “məğlubedilmiş” sözünü atacağıq, qürurlu xalq kimi, müzəffər xalq kimi yaşayacağıq və bu gün gəldi. Əgər xalqımız buna inanmasaydı, əgər cəmiyyətimiz bizim o sahədəki siyasətə dəstək olmasaydı müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı. Ona görə, bu bizim hamımızın qələbəsidir, hamımızın təntənəsidir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident qeyd edib ki, Füzulinin azad olunmasının müharibənin gedişində çox böyük əhəmiyyəti var idi, çünki böyük yaşayış məntəqəsi idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi: “Bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi. Mən Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı və hesab edirəm, bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz”.

Dövlət başçısı bildirib ki, Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı: “Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi”.