Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının dəstəyi, “Bakı” Rəsm Qalereyası, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə noyabrın 5-də “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisi keçiriləcək.

Sərgi rəssamlarımızın yaradıcılığında ölkəmizin, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbii gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazanılmış tarixi Zəfərin təsviri sənət əsərlərində nümayişi məqsədilə təşkil olunur.

Xətai Sənət Mərkəzində açılacaq sərginin ekspozisiyasında yeni təqdim olunan əsərlərlə yanaşı, Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil olan rəsmlər də yer alacaq.

Qeyd edək ki, sərgi üçün 156 müəllif tərəfindən elektron variantda 200-dən çox əsər təqdim olunub. Münsiflər heyəti tərəfindən 40 müəllifin 46 əsəri nümayiş olunmaq üçün seçilib. Əsərlərin müəlliflərinə sertifikat təqdim olunacaq. Sərgi noyabrın 12-dək davam edəcək.

L.AZƏRİ