Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının yeni loqotipi və yenilənmiş saytının (clb.az) təqdimatı keçirilib. Təqdimatda C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının  əməkdaşları, gənc oxucular iştirak ediblər.

Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova saytdakı yeniliklərlə bağlı danışıb. Bildirib ki, müasir texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə kitabxananın yeni saytı istifadəçilərin tələblərinə uyğun hazırlanıb. Köhnə saytla müqayisədə yeni versiya daha sadə, istifadəsi üçün rahat, yeni materiallarla zənginləşdirilmiş və xüsusi dizaynda yığılıb. Saytın yeni mobil tətbiqinin istifadəsi daha rahatdır.

Ş.Qəmbərova qeyd edib ki, ilk dəfə olaraq saytda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün bölmə yaradılıb. Məqsəd sağlamlıq imkanları məhdud uşaqlara kitabxana xidməti göstərmək, onların sosial mühitə inteqrasiyasını təmin etməkdir. Səsli resurslar sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı digər istifadəçilər üçün də açıq bir resursdur.

Daha sonra kitabxananın əməkdaşı sayt haqqında ətraflı məlumat verib. Bildirilib ki, sayt SSL sertifikatı ilə mühafizə olunur.  Manşetdə xarıbülbülün rəngləri və F.Köçərlinin şəkli yer alıb. “Tarixdə bu gün” saytın yeni bölməsidir. Burada əlamətdar günlər haqqında məlumatlar əksini tapacaq. Oxucular yeni sayt vasitəsilə kitabxanaya abunə ola bilərlər. Bunun üçün saytda poçt ünvanlarını qeyd etmələri kifayətdir. Ən başlıca yeniliklərdən biri də kitabxananın oxuculara toplu mesaj göndərmək imkanının olmasıdır. Belə ki, kitabxanaya daxil olan yeni kitablar, tədbirlər və s. məlumatlar oxucuya eyni anda ötürülə bilir. Multimedia bölməsində 300-dən çox uşaq mahnıları,  səsli nağıllar, hekayələr, uşaq lətifələri, cizgi filmlər, səsli kitablar, dərsliklər həm PDF həm də səsli olaraq yerləşdirilib.

Saytın yeni versiyası hazırda Azərbaycan dilində fəaliyyət göstərir, yaxın günlərdə isə rus və ingilis dillərində də yayımlanacaq. Saytın sosial şəbəkələrdəki ünvanlarının hamısı eyni adla açılır. Qeyd olunanlarla yanaşı, yenilənmiş sayt “Google Play” vasitəsilə tətbiq kimi də mobil telefonlara yüklənir.