Oktyabrın 24-də tanınmış müğənni və bəstəkar, Əməkdar artist Yaqub Zurufçunun məzarı ziyarət olunub. Sənətkarın vəfatının 40-cı günündə məzarı başına toplaşanlar onun xatirəsini ehtiramla yad ediblər.

Əməkdar jurnalist Rəhman Orxan bildirib ki, Yaqub Zurufçu uzun illər qəribçilik həyatı sürüb, lakin Vətəninə sevgisi heç vaxt azalmayıb. Onun mahnıları gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi professor Zemfira Qafarova çıxışında deyib: “Elə şəxsiyyətlər var ki, onlar özlərindən sonra silinməz iz buraxırlar. Yaqub Zurufçu məhz belə insanlardan idi. O, Azərbaycanı çox sevirdi”.

Xalq artisti Flora Kərimova qeyd edib ki, Yaqub Zurufçunun səsində bir ruh dolaşırdı və o ruhun yaşamağa haqqı var. Yaqub yaşamaqdan zövq alan bir insan idi. O, “Ayrılıq” mahnısı ilə Arazın hər iki sahilini birləşdirdi. Yaqub Zurufçu uzun illər Vətəndən ayrı yaşadığı üçün həmin mahnını ürək yanğısı ilə oxuyurdu.

Dünya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, 15 il Yaqub Zurufçu ilə çalışmış Xəzər Emin sənətkarla bağlı xatirələni bölüşüb. Bildirib ki, Y.Zurufçu hərbçilərimiz qarşısında da böyük həvəslə çıxış edirdi. Onun sənəti ilə şəxsiyyəti vəhdət təşkil edirdi.

Qeyd edək ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. İlk dəfə 15 yaşında Təbriz Televiziyasında çıxış edərək "Evləri var xana-xana", "Dilbər" kimi xalq mahnılarını ifa edib. 1980-ci ildə Almaniyaya köçən Yaqub Zurufçu Hamburq şəhərində musiqi təhsilinə başlayıb. Sonra ABŞ-ın Mayami Universitetində vokal sənəti üzrə magistr təhsili alıb.

Harada yaşamasından asılı olmayaraq, Azərbaycana gəlmək qəlbi bütöv Vətən eşqi ilə döyünən müğənninin ən böyük arzularından idi. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, “Vətən” cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 20 il sonra müstəqil ölkəmizin vətəndaşlığını alır. Həmin il musiqi mədəniyyətimizin inkişafına verdiyi töhfələrə görə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülür.

Oxuduğu nəğmələrlə milli tarixi yaddaşın nisgilli səhifələrini unutmağa qoymayan Yaqub Zurufçu 14 sentyabr 2021-ci ildə, 65 yaşında haqq dünyasına qovuşub.