Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalı 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin ildönümü münasibətilə 4.4 Qısa Tamaşalar Festivalı keçirir.

Azərbaycan Ordusunun parlaq qələbəsinin bədii əksi, həmçinin milli teatr sənətinin rəqəmsal dünyada təbliği məqsədilə həyata keçirilən festival noyabrın 1-dən 5-dək davam edəcək.

Festivalın proqramına ümumilikdə 22 səhnə əsəri daxildir. Tamaşalar Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində oynanılacaq. Teatrsevərlər dövlət teatrlarının və müstəqil teatrların Qarabağ, müharibə, Zəfər mövzusunda müxtəlif janr və üslublarda tamaşalarını izləmək imkanı qazanacaqlar.

Səhnə əsərlərinə teatr mütəxəssislərindən ibarət peşəkar münsiflər heyəti qiymət verəcək. Birinci yerin qalibi üçün 1500 manat, ikinci yeri üçün 1000 manat, üçüncü yerin qalibi üçün isə 750 manat pul mükafatı nəzərdə tutulub.

Festival günlərində tamaşaların nümayişi ilə yanaşı, müzakirə saatları, teatr sənəti ilə bağlı fərqli istiqamətlərin mütəxəssisləri ilə debatlar, ayrı-ayrı mövzularda ustad dərsləri da keçiriləcək.

Festivalın bağlanış və mükafatlandırma mərasimi noyabrın 5-də Akademik Musiqili Teatrında olacaq.