Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən kənd mədəniyyət müəssisələrinin fəaliyyətinin stimullaşdırılması məqsədilə reallaşdırılan “Mədəni kənd – mədəni mühit” layihəsinin Hacıqabul rayon üzrə yekun tədbiri keçirilib.

Oktyabrın 29-da Hacıqabul rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından nümunələr, Heydər Əliyev Mərkəzinin rəsm dərnəyi üzvlərinin əl işləri, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin vətənpərvərlik mövzusunda kitablardan ibarət stendləri, Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş Hacıqabulun qəhrəman oğulların şəkillərindən ibarət stend nümayiş olunub.

Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin (RMİ) rəisi Fərid Qurbanzadə, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhid ailələri, Qarabağ qaziləri və müharibə veteranları iştirak ediblər.

Hacıqabul şəhər Uşaq Musiqi məktəbi şagirdlərinin xor kollektivi, Mehman Ağayev adına Navahı kənd, Rəncbər kənd və Vüqar Məmmədov adına Muğan qəsəbə tam orta məktəblərii şagirdlərinin çıxışları, təqdim olunan rəqslər, səhnəciklər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Tədbirin sonunda məktəblər Sabirabad RMİ-nin fəxri fərmanları ilə təltif olunub.