Noyabrın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Qarabağın xalça xəritəsi” layihəsi çərçivəsində toxunan “Zəfər” xalçasının dəzgahdan kəsimi və Əməkdar rəssam Adil Şıxəliyevin “Şuşa” qobeleninin təqdimatı keçiriləcək.

Muzey 44 günlük Vətən müharibəsi günlərində Qarabağ xalçalarının təbliği məqsədilə interaktiv “Qarabağın xalça xəritəsi”ni tərtib edib. Xəritədə Qarabağın hər bölgəsinin ən məşhur xalça fraqmentləri ağ-qara rənglərdə verilib. Şanlı Ordumuz torpaqlarımızı azad etdikcə “Qarabağın xalça xəritəsi”ndə həmin bölgəyə aid xalça fraqmentləri al-əlvan rənglərə boyanıb. Qələbədən sonra bu xəritə əsasında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qalibiyyətinə həsr olunan “Zəfər” xalçası ilmələrə köçürülüb.

Xalçada Cəbrayılın “Xanlıq”, Qubadlının “Qubadlı”, Füzulinin “Bəhmənli”, Şuşanın “Ləmpə”, Laçının “Qasımuşağı”, Ağdamın “Şabalıd-buta”, Xocavəndin “Açma-yumma” və Tərtərin “Çələbi” xalçaları, Zəngilanın məşhur kilimi, Kəlbəcərin zilisi özünəməxsus rənglərlə təsvir olunub. Həmçinin bu unikal sənət nümunəsində dövlət başçısının “Qarabağ Azərbaycandır!” şüarı, xalqımızın birliyini, qələbə əhval-ruhiyyəsini simvolizə edən naxışlar yer alıb.

“Zəfər” xalçası ideyası, eskizin hazırlanması və toxunması Xalça Muzeyinin kollektivi tərəfindən həyata keçirilib. Xalça muzeyin Ənənəvi texnologiya şöbəsində 48 müxtəlif rəngli yun iplərdən istifadə olunmaqla üç ay ərzində toxunub.

Tədbirdə təqdim ediləcək Əməkdar rəssam Adil Şıxəliyevin müəllifi olduğu 3 hissədən ibarət “Şuşa” qobelenində Azərbaycanın söz-sənət beşiyi olan Şuşanın işğaldan öncəki təsviri və Qələbədən sonrakı aydın səmalı azad ruhunun geri dönüşü öz əksini tapıb.

II Qarabağ müharibəsi iştirakçıları və onların övladlarının qatılacağı tədbirdə Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə kölgə teatrı janrında “Fitnə” tamaşası da nümayiş etdiriləcək. Tamaşa muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən hazırlanıb.