Qala-şəhərimizin işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanan “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiya çapdan çıxıb.

Şuşaya həsr olunmuş ilk fundamental biblioqrafiyada şəhərin tarixi, mədəniyyəti, musiqisi və ədəbi mühiti, tarixi-memarlıq abidələri, ictimai-siyasi həyatı haqqında kitablar, dövri mətbuatda, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb. Kitabda Şuşa haqqında digər xarici dillərdə dərc olunan materiallar, habelə dünya milli və universitet kitabxanalarında mühafizə olunan ədəbiyyatlar ayrıca bölmələrdə verilib.

Ermənilərin ötən əsrin əvvəllərində Şuşa şəhərində həyata keçirdikləri soyqırımlar, şəhərin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı ilə Şuşanın işğaldan azad edilməsi, Prezident İlham Əliyevin mədəniyyət beşiyimizə səfərləri ilə bağlı zəngin materiallar biblioqrafiyada yer alıb.

Ümumiyyətlə, göstəricidəki materiallar 1876-2021-ci illəri əhatə edir. Materiallar Azərbaycan, rus və başqa dillər üzrə verilib. Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılıb, əlifba sırası gözlənilib. Göstəricinin istifadəsini asanlaşdırmaq məqsədilə biblioqrafiyanın sonunda Şuşa haqqında kitabların, məqalələrin adlarının və bu haqda yazan müəlliflərin əlifba göstəriciləri verilib.

Biblioqrafiya tarixçilər, politoloqlar, elmi tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/SHUSHA.pdf linkindən istifadə edə bilərlər.