Mədəniyyət naziri Anar Kərimovun Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ilə görüşündə iki ölkə arasında mədəni əlaqələrin perspektivləri müzakirə olunub.
Səfiri səmimi salamlayan nazir Anar Kərimov Azərbaycan ilə Qazaxıstan arasında çoxəsrlik tarixə malik dostluq əlaqələrinin ortaq soy-kök, mədəni və mənəvi dəyərlər üzərində təşəkkül tapdığını vurğulayıb. Qeyd edilib ki, dövlət başçıları səviyyəsində münasibətlərin inkişafına xüsusi əhəmiyyət verilməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi müxtəlif sahələrdə əməkdaşlığın inkişafına zəmin yaradır.
Ölkələrimizin beynəlxalq miqyasda, TÜRKSOY, Türk Şurası, UNESCO kimi təşkilatlar çərçivəsində milli maraqlara dair bütün məsələlərdə bir-birini dəstəklədiyini deyən nazir Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə təsis etdiyi “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasından danışıb və Qazaxıstanı da bu çağırışa qoşulmağa dəvət edib.
Mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu və birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdıran Anar Kərimov kino sahəsində işbirliyinin, kitabxanalar və muzeylər arasında təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Serjan Abdıkarimov dost və qardaş ölkələr olan Qazaxıstan və Azərbaycan arasında, demək olar ki, bütün sahələr üzrə sıx əlaqələri qeyd edərək mədəniyyət sahəsində birgə fəaliyyətin və müştərək layihələrin önəmini vurğulayıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına toxunan diplomat Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əlaqələrdən və birgə layihələrdən də bəhs edib.
Söhbət zamanı Qazaxıstan tərəfin ölkəmizin haqlı mövqeyini və ərazi bütövlüyünü hər zaman müdafiə etdiyi vurğulanıb, işğaldan azad olunan Azərbaycan ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərində dəstəyə hazır olduğu ifadə edilib.