Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Qara Qarayevin “Don Kixot” simfonik qravürü və ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” (səhnələşdirəni Ər-Toğrul Kamalov) tamaşasının məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın quruluşçu rejissoru Ər-Toğrul Kamalov, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.

Əsərin ilk stolarxası oxunuş məşqində iştirak edən Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bədii rəhbəri olduğu bu tamaşa haqqında fikirlərini yaradıcı heyətlə bölüşüb.

Rejissor Ər-Toğrul Kamalov tamaşa haqqında bəzi məqamlara aydınlıq gətirib.

Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev canlandıracaq. Teatrın gənc aktyorları Nicat Əli (Sanço Pansa), Gültac Əlili (Dulsineya), Zaur Əliyev (Xidmətçi) də bu tamaşada iştirak edəcəklər.