Noyabrın  29-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında  narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədi ilə “Narkotik sərhədsiz fəlakətdir” adlı tədbir keçirilib.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva tədbiri açaraq narkomaniyanın ictimai təhlükəliliyi, insanların fiziki və psixi sağlamlığını əsaslı şəkildə pozması barədə danışıb. Sonra mövzuya dair videoçarx nümayiş olunub.

Həkim-narkoloq, yazıçı Asif Kəngərli çıxışını ulu öndər Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsidir”  sözləri ilə başlayıb. “Bəla” adlı ilk kitabının yazılma tarixi, əsas mövzusu haqqında məlumat verərək, mövzu ilə bağlı fikirlərini bölüşən yazıçı çıxışının sonunda “Наркотики –  «оружие» уничтожения семьи», «Все о табакокурении», «Алкоголь – враг здорового образа жизни» və  s. kitablarından  bir neçə nüsxəni kitabxananın fonduna hədiyyə edib.

Psixoloq Aygün Kərəmova narkotik vasitələrə meylin yaranma səbəbləri, bu sahədə ətraf mühitin rolu, müalicə yolları və üsulları, dərman terapiyası, musiqi terapiyası, psixoloji seanslar mövzusunda çıxış edib.

MTV Azərbaycan kanalının aparıcısı Gülnar Şəhriyarlı çıxışında narkomaniyanın insanları nəyə sövq etməsi mövzusunda verilişlər hazırlanmasının vacibliyini vurğulayıb.

Tədbirdə Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri iştirak edibilər.

Sonda “Narkomaniya əsrin bəlasıdır” adlı kitab sərgisinə baxış keçirilib.